DÜNYA
Türkiyədə daha bir əsgər zəhərlənməsi hadisəsi baş verib
İstanbul, 20 iyun, АZƏRTAC
Türkiyə hökuməti əsgər zəhərlənmələri ilə bağlı ciddi araşdırmalar apardığı bir vaxtda Silahlı Qüvvələrinin hərbi hissələrinin birində yenə əsgər zəhərlənməsi hadisəsi baş verib.
Rəsmi məlumata görə, iyunun 19-da Kastamonuda yerləşən 5-ci Jandarma Təhsil Alay Komandanlığında axsan yeməyindən sonra rahatsız olan 8 əsgər xəstəxanaya çatdırılıb. Onlar üçün həyati təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, bu ölkədə ən son kütləvi əsgər zəhərlənməsi iyunun 17-də baş verib. Həmin gün axşam yeməyində qidalanan 5 min 470 əsgərdən 590 nəfəri zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıb. Ölkədə böyük narahatlıq yaradan bu hadisə ilə bağlı ciddi araşdırma başlanıb.
Zəhərlənməyə səbəb olan qidanı tədarük edən şirkətdə 18 nəfər həbs olunub.
Xəstəxanalarda müayinə və müalicə olunan əsgərlərə baş çəkən Türkiyənin milli müdafiə naziri Fikri İşıq bildirib ki, həmin gün axşam yeməyində olmayan əsgərlər arasında da zəhərlənmə halı müşahidə olunub.
Ölkə ictimaiyyətində böyük təşviş yaradan bu hadisəyə münasibət bildirən Baş nazir Binəli Yıldırım bildirib ki, hərbi hissələrin qida təchizatında ciddi qərarlar qəbul olunacaq. Bu sahəyə dair tenderlərin ləğv edilə biləcəyinin istisna olmadığını ifadə edən hökumət başçısı qeyd edib ki, əsgər zəhərlənmələri ilə bağlı ortada ciddi şübhələr vardır. Bu halların təkrar olmaması üçün qida təhlükəsizliyi üçün hökumətin qəbul edəcəyi qərar Milli Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə çatdırılacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul