DÜNYA
Türkiyədə insanlar İstanbulda yerləşən “15 iyul Xatirə Kompleksi”nə axın edirlər VİDEO
İstanbul, 15 iyul, AZƏRTAC
Türkiyədə insanlar 2016-cı il iyulun 15-də ölkədə baş verən dövlət çevrilişinə cəhd zamanı canından keçənlərin xatirəsinə ucaldılan “15 iyul Xatirə Kompleksi”nə axın edirlər.
AZƏRTAC xəbər verir ki, İstanbulun iki qitəsini birləşdirən “15 iyul” körpüsünün Asiya hissəsində yerləşən abidə kompleksinə gələnlər arasında yerli vətəndaşlarla yanaşı turistlər də var. Abidəni hər il minlərlə insan ziyarət edir.
2018-ci ildə rəsmi açılışı olan abidə kompleksi ölkənin birliyini təmsil edir. Memar Hilmi Şenalp tərəfindən inşa edilən abidənin ornamentləri xəttat Hüseyn Kutlu tərəfindən hazırlanıb. Beşbucaqlı formada işlənmiş “15 iyul Xatirə Kompleksi”ndə o günün şəhidlərinin adları sıra ilə lövhələrdə qeyd olunub. Abidənin üst hissəsinə “Qurani-Kərim”dən ayələr həkk olunub. Tikilinin ətrafında hər bir şəhidin adına sərv ağacı və qızılgül əkilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul