ELM VƏ TƏHSİL
Türkiyədə keçirilən beynəlxalq simpoziumda Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdirinin məruzəsi dinlənilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Türkiyədə təşkil olunan beynəlxalq simpoziumda ölkəmizi Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova təmsil edib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Türkiyənin Cümhuriyyət Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə 8 ölkədən 40-a yaxın məruzəçi təmsil olunub. Simpoziumda Türk-İslam tarixində sosial, dini və iqtisadi cəhətdən mühüm rolu olmuş “Üxüvvət təşkilatı”nda iş və ticarət əxlaqına dair fərqli mövzularda məruzələr dinlənilib. Belə ki, E.Əzizova “Üxüvvət peyğəmbərliyin mirasıdır: Mənşəyin müqəddəsliyi çərçivəsində üxüvvət təşkilatının nəbəvi referansları” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycan türkü Şeyx Nəsrəddin Mahmud Xoyinin Anadoluda təşkilatlandırdığı üxüvvətin nizamnaməsi sayılan “Fütüvvətnamə” əsərlərindəki iş prinsipləri haqqında məlumat verib. Məruzədə, İslam peyğəmbərinə istinadların qarşılıqlı təhlili, İslam iqtisadiyyatı tarixinin mühüm mənbələrindən olan “Kəsb” ədəbiyyatı çərçivəsində İslam düşüncəsində peşə və sənətlərin ictimai və iqtisadi mövqeyi dəyərləndirilib. E.Əzizova moderatoru olduğu panelin sonunda simpoziumun elmi heyətinin üzvlərinə sertifikatlar təqdim edib.
Qeyd edək ki, E.Əzizova respublikada və xaricdə 20-yə yaxın elmi konfransda məruzələrlə çıxış edib. O, həmçinin respublikada və xaricdə nəşr olunmuş 6 kitabın həmmüəllifi, 30-a yaxın məqalənin müəllifidir.