DÜNYA
Türkiyədə koronavirusla bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılacaq
Ankara, 27 may, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri çərçivəsində tətbiq olunan növbəti komendant saatı rejimi bu gün saat 24.00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, dörd gün əvvəl Türkiyədə tətbiq olunan növbəti komendant saatı rejiminə Daxili İşlər Nazirliyi nəzarət edib. Nazirliyin məlumatına görə, prosesin davam etdiyi dörd gündə tətbiq olunan qaydaları pozduğuna görə, 47 min 831 nəfər haqqında hüquqi tədbir görülüb. Budəfəki komendant saatı rejimi əvvəlkilərdən fərqli olaraq məhdud bölgələri deyil, bütün ölkəni əhatə edib.
Qeyd edək ki, koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı normallaşma prosesinin birinci mərhələsinə mayın 11-də start verilib. Ötən müddətdə nəzərdə tutulan proses normal qaydada başa çatıb. Hələlik ölkə üzrə kütləvi tədbirlərə icazə verilmir. Ən son məlumata görə, ölkə daxilində dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur. İctimaiyyət aradan qaldırılan digər məhdudiyyətlərlə bağlı vaxtaşırı məlumatlandırılır. Tələb edilir ki, koronavirusa qarşı mübarizə tədbirlərinə əməl edilsin.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara