DÜNYA


Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir VİDEO

İstanbul, 1 avqust, AZƏRTAC

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir.

AZƏRTAC xəbər verir ki, hazırda ölkənin Antalya vilayətinin Manavqat və Akseki, Muğlanın Marmaris, Köyceğiz və Milas rayonlarında yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir. Manavqatın Sırtköy bölgəsində alovların hündürlüyü 20 metrədək yüksəlib. Marmarisin Turunç məhəlləsində isə əhalinin evakuasiyasına başlanılıb. Milasın Gökbel kəndi tamamilə boşaldılıb.

Ölkənin Milli Müdafiə Nazirliyi Muğlanın Marmaris bölgəsindəki meşə yanğını səbəbilə Turunç bölgəsindəki vətəndaşların təxliyəsi üçün bölgəyə iki gəmi göndərildiyini açıqlayıb.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli sosial media hesabı vasitəsilə verdiyi növbəti açıqlamasında hazırda davam edən yanğınlarla mübarizədə 13 təyyarə, doqquz insansız hava vasitəsi (İHA), 45 helikopter, bir insansız helikopter, 708 yanğınsöndürən maşın və su tankeri, 120 iş maşını və təxminən 4800 canlı qüvvənin iştirak etdiyini bildirib.

Nazir indiyədək ölkənin müxtəlif bölgələrində 111 yanğının nəzarət altına alındığını, üç vilayətin altı bölgəsində davam edən yanğınların söndürülməsi istiqamətində gücləndirilmiş işlərin aparıldığını qeyd edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu Alanya və Antalyanın Gündoğmuş rayonlarına gələrək burada yanğınla bağlı son məlumatlarla tanış olublar.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.