CƏMİYYƏT
Türkiyədə müalicədə olan hərbçilərimizin əlilliyi əyani müayinə əsasında qiymətləndirilib
Bakı, 24 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunan 25 hərbçimizin əlilliyi qiymətləndirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşlarından ibarət komissiya yaradılıb. Komissiyanın üzvləri İstanbul, İzmit və Bursa şəhərlərində olub.
Ölkə xaricində tibb müəssisələri, yaralı hərbçilər və komissiya üzvləri arasında koordinasiyanın təmin edilməsi məqsədilə “YAŞAT” Fondunun əməkdaşları da onlarla birgə ezam olunub.
Həmin şəhərlərdəki tibb müəssisələrində müalicədə olan hərbçilərin hər biri ilə görüş keçirilib, əyani müayinələri aparılıb və onların əlillik vəziyyətləri qiymətləndirilib. Müayinələrin nəticələrinə əsasən onlara əlillik dərəcələrinin təyin edilməsi nəzərdə tutulub.
Bunun üçün aidiyyəti qurumların hərbi həkim komissiyalarına hərbçilərlə əlaqədar müvafiq şəhadətnamələri təqdim etmələri üçün müraciət olunub.
Yaxın günlərdə şəhadətnamələr təqdim edildikdən sonra e-sistem üzərindən Türkiyədə müalicə olunan hərbçilərimizə də əlillik dərəcələri və bununla bağlı sosial ödənişlərin təyinatları aparılacaq.