CƏMİYYƏT
Türkiyədə səfərdə olmuş qazilər, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlər ilə görüş keçirilib
Bakı, 21 iyun, AZƏRTAC
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə səfərdə olmuş qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Azad Rəhimov nazirliyin həyata keçirdiyi layihələrdə vətənpərvərlik mövzusunun xüsusi əhəmiyyət daşıdığını bildirərək, Prezident İlham Əliyev tərəfindən imzalanan və müxtəlif illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nda da məhz bu sahəyə geniş yer verildiyini diqqətə çatdırıb.
Vətənpərvərlik sahəsində həyata keçirilən tədbirlərdən danışan nazir “Şahinlər”, “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”, “Hünər”, “Tarixin canlı səhifələri” və digərləri haqqında söz açıb, onların hər birinin gənc nəslin sağlam və Vətənə sevgi hissi ilə yetişməsində oynadığı önəmli roldan bəhs edib.
Nazirliyin xətti ilə qazilərdən, ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətinin Türkiyəyə səfərinin əhəmiyyətindən danışan Azad Rəhimov orada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında, Türkiyə Böyük Millət Məclisində, Müdafiə Nazirliyində və digər qurumlarda keçirilən görüşlərin önəmi haqqında danışıb, bu cür səfərlərin digər ölkələrə də gerçəkləşməsinin vacibliyini qeyd edib.
Nazir yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hissinin daha da artırılması, onların tariximizi daha dərindən bilmələri üçün ölkəmizdə fəaliyyət göstərən orta və ali təhsil müəssisələrində şagird və tələbələrlə qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüşlər keçirilməsi təklifini irəli sürərək bunun əhəmiyyəti haqqında da danışıb.
Sonda qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətinin üzvləri Türkiyəyə səfərin təşkilində göstərilən dəstəyə, diqqət və qayğıya görə Gənclər və İdman Nazirliyinə təşəkkürlərini bildiriblər.