MƏDƏNİYYƏT


Türkiyədə şəhid jurnalist Məhərrəm İbrahimovun və videooperator Sirac Abışovun adına xüsusi mükafat təsis olunub VİDEO

Ankara, 23 dekabr, AZƏRTAC

Ankarada Türkiyə Xəbər Video-operatorları Cəmiyyətinin təşkil etdiyi “Zoom” (Zum) 25-ci beynəlxalq xəbər videosu müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə cari il iyunun 4-də Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun adlarına təsis edilən xüsusi mükafat da təqdim edilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində məlumat verilib ki, Türkiyə Xəbər Videooperatorları Cəmiyyətinin təşkil etdiyi “Zoom” 25-ci beynəlxalq xəbər videosu müsabiqəsinə Türkiyə ilə yanaşı, Azərbaycan, Gürcüstan, Braziliya da daxil olmaqla yaxın və uzaq xarici ölkələrdən ümumilikdə 105 video göndərilib.

Tədbirdə nüfuzlu jüri tərəfindən 9 kateqoriyada müəyyən edilən qaliblərə mükafatlar təqdim edilib. Fərqlənən videolar Türkiyə və dünyanın müxtəlif bölgələrində, o cümlədən qaynar nöqtələrdə baş verən hadisələri əks etdirib.

Türkiyənin nüfuzlu telekanallarından olan NTV, “Haber Türk”, “Haber Global”, “A Haber”in əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı Qarabağda apardıqları çəkilişlərə görə nüfuzlu mükafata layiq görülüblər.

Mərasimdə Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun adlarına təsis edilən xüsusi mükafata Azərbaycan Televiziyasının müxbiri Anar Şuşalı və operatorlar İlkin Mehdiyev və Daşqın Abdullayev layiq görülüblər.

Mükafatı təqdim edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib ki, ermənilərin Qarabağda törətdikləri cinayətlər məhz jurnalistlər, videooperator və fotomüxbirlərin əməyi sayəsində dünya ictimaiyyətinə çatdırılıb.

Təqdimetmə mərasimində bir neçə dəfə ikinci Qarabağ savaşını, eləcə də təcavüzkar Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı tətbiq etdiyi raket zərbələrini əks etdirən, həmçinin şəhid həmkarımız AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun işğaldan azad olunan bölgələrdə şərəfli vəzifələrini yerinə yetirərkən çəkilmiş kadrlar nümayiş olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.