DÜNYA
Türkiyədə sərnişin təyyarəsinə partlayıcı maddə yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib
İstanbul, 7 oktyabr, AZƏRTAC
Türkiyənin Trabzon vilayətində sərnişin təyyarəsinə partlayıcı maddə yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib.
AZƏRTAC xəbər verir ki, Küveyt-Trabzon reysini yerinə yetirən “J-9313” uçuş nömrəli “Airbus A320” tipli sərnişin təyyarəsi havada olarkən təyyarədə partlayıcı maddə yerləşdirilməsi ilə bağlı Trabzon hava limanına məlumat verilib. Məlumat daxil olan kimi, təyyarə Trabzon hava limanına təcili eniş edib. Sərnişinlər təxliyə edilərkən hava limanında genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.
Çoxlu sayda xilasedici, təcili yardım briqadaları, xüsusi təlim keçmiş itlər və partlayıcı maddə üzrə mütəxəssislər hava limanına cəlb olunublar.
Təyyarədə geniş axtarış işləri aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul