DÜNYA
Türkiyədə sonuncu hərbi çevrilişin üzərindən qırx il ötür
İstanbul, 11 sentyabr, AZƏRTAC
1980-ci il sentyabrın 12-də baş verən və Türkiyədə demokratiya tarixinin qanlı səhifələrindən biri olan hərbi çevrilişdən 40 il ötür.
AZƏRTAC xəbər verir ki, ölkədə demokratiyaya ciddi zərbə vuran hərbi çevriliş sentyabrın 12-də səhər Türkiyənin TRT radiosunda səsləndirilən İstiqlal və Hərbi marşların ardından Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Kənan Evren tərəfindən imzalanan “Bir nömrəli bəyannamə”nin oxunmasının ardından başlayıb. “Bayraq hərəkatı” olaraq bilinən hərbi çevriliş zamanı 1970-ci ildən sonra dəyişdirilən 1961-ci il Konstitusiyasının tətbiqi dayandırılıb və Türkiyə Böyük Millət Məclisi ləğv edilərək antidemokratik fəaliyyətlər davam etdirilib. Qeyri-hökumət təşkilatlarını hədəf alan inqilabçılar Türk Hava Qurumu, Uşaq Müdafiə Agentliyi və Qızıl Aypara Cəmiyyəti istisna olmaqla bütün dərnəklərin və siyasi partiyaların fəaliyyətini dayandırıblar. Türkiyənin Baş Naziri Süleyman Dəmirəl başda olmaqla bir çox dövlət nümayəndələri Uzunadaya sürgün edilib. Türkiyənin hər baxımdan geriləməsinə səbəb olan bu çevrilişin səbəbkarları, eyni zamanda, uzun illər keçməsinə baxmayaraq, yaddaşlardan silinməyən ölüm hökmlərinin də memarı olublar.
Bu çevriliş nəticəsində Türkiyə siyasəti yenidən qurulub, ölkə böyük itkilər verir. Doqquz il davam edən yeni hərbi dövrdə ölkə iqtisadiyyatına təxminən 50,4 milyard dollar məbləğində zərər dəyib.
Dövlət çevrilişini törədənlərə, o cümlədən Kenan Evren və ölkənin o zamankı Hava Qüvvələri komandiri Tahsin Şahinkaya haqqında ilk cinayət işi 2011-ci ildə Ankara Baş Prokurorluğu tərəfindən başlanıb. Hazırlanan iddianamənin Ankara Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2012-ci il yanvarın 10-da qəbul edilməsi ilə Türkiyə tarixində ilk dəfə dövlət çevrilişində təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul