SİYASƏT
Türkiyədə yaşayan azərbaycanlıların siyasi, iqtisadi, hərbi, mədəni və sosial fəaliyyətlərindən bəhs edən kitab hazırlanır
Bakı, 20 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) növbəti layihə çərçivəsində “Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı kitabı nəşrə hazırlayır.
SAM-dan AZƏRTAC-a bildirmişlər ki, kitabda Türkiyədə yaşayan azərbaycanlıların siyasi, iqtisadi, hərbi, mədəni və sosial fəaliyyətlərinə dair ətraflı məlumatlar yer alacaqdır. Azərbaycan və Osmanlı türklərinin tarixən eyni coğrafi ərazidə yaşaması, Osmanlı ərazisində yaşayan soydaşlarımızın Türkiyənin tarixi müqəddəratında, dövlətçilik, siyasi və mədəni həyatında göstərdikləri xidmətlər kitabda qeyd olunacaqdır. Kitabın hazırlanmasında əsas məqsəd bir millət, iki dövlətin müştərək tarixini müasir, təcrübəli tarixçilər tərəfindən daha dərindən araşdırmaq, Türkiyə azərbaycanlıları haqqında geniş məlumatlar əldə etmək və bununla onların ümumi ideya ətrafında daha sıx birləşməsinə nail olmaqdır.
Aparılan araşdırmalar göstərir ki, son zamanlar Türkiyə azərbaycanlılarının sayı artmaqdadır və yeni nəsil müəyyən problemlərlə üzləşməkdədir. Əsər bu problemləri araşdırıb həlli yollarını tapmaqla Türkiyədə yaşayan soydaşlarımız üçün bələdçi olacaqdır.
Əsər üzərində işləyəcək sosioloqlar, tarixçi və siyasətşünaslar Türkiyədə yaşayan azərbaycanlıların dərnəklərinə və çoxluq təşkil etdiyi ərazilərə baş çəkəcək, görüşlər təşkil edəcək, arxivləri araşdıracaq, soydaşlarımızın dini, sosial, mədəni, siyasi və iqtisadi fəaliyyətlərini öyrənəcəklər.
“Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı layihənin 2011-ci ildə başa çatdırılması planlaşdırılır.