CƏMİYYƏT
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Göyçay və Ağsu rayonlarından yardımlar göndərilib VİDEO
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycanda Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplama kampaniyası davam edir.
AZƏRTAC xəbər verir ki, hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq, yardım kampaniyasında vətəndaşların böyük fəallığı müşahidə olunur.
Qardaş ölkəyə göndərilməsi üçün Ağdaş Rayon İcra Hakimiyyətinin xətti ilə humanitar yardım fevralın 9-da paytaxt Bakıya gətirilib. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi üzrə nümayəndəsi Azər Paşayev qeyd edib ki, bu yardıma 40 generator, 120 qızdırıcı soba, 150 yorğan, 150 döşək, 150 ədyal, 150 balış və külli miqdarda isti geyim daxildir. Ağdaş sakinləri bu gün iki yük avtomobilindən çox əşya toplayıblar. Bu humanitar yardımlar bundan sonra da davam etdiriləcək.
Bu gün, eyni zamanda, Göyçay Rayonu İcra Hakimiyyəti tərəfindən Türkiyədə zəlzələdən əziyyət çəkmiş insanlara yardım məqsədilə göndərilən 100 isitmə sobası, 20 generator (3,15 Kv) və yataq dəstləri Bakıya gətirilib. Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev diqqətə çatdırıb ki, göyçaylılar hər zaman olduğu kimi, bundan sonra da türk qardaşlarına dəstək olacaqlar.
Qeyd edək ki, paytaxtımızda zəlzələdən zərər çəkənlərə yardımlar əsasən iki ünvanda toplanır. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi yardım kampaniyası Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Kompleksində, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yardım kampaniyası isə Əl Oyunları Sarayında keçirilir.
Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.
Heydər Əliyev adına İdman Kompleksində yüzlərlə şəxs könüllü kimi fəaliyyət göstərir.
Toplanan əşyalar arasında əsasən qış paltarları, o cümlədən əlcək, gödəkcələr, şalvar, şərf, qalın yun corablar, həmçinin yataq dəstləri, təmizlik ləvazimatları, ərzaq, su, xalça, fənər, generatorlar və odun sobaları üstünlük təşkil edir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə ard-arda iki güclü zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, 14 mindən çox insan ölüb, 63 min 794 insan yaralanıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.
Türkiyəyə ilk yardım əlini uzadan ölkə Azərbaycan olub. Zəlzələ xəbərindən dərhal sonra - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınıb. Hazırda zəlzələ bölgəsində Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti fəaliyyət göstərir. Faciədən zərər çəkmiş şəxslər üçün fevralın 8-də Heydər Əliyev Fondu tərəfindən daha 36 ton humanitar yardım göndərilib.