CƏMİYYƏT


Türkiyədə zəlzələdən zərərçəkənlər üçün vətəndaşlarımız tərəfindən yardım toplanır

Bakı, 7 fevral, AZƏRTAC

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər çəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar.

Türkiyənin ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, qardaş ölkədə zəlzələdən zərərçəkənlərə bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər müxtəlif ünvanlarda yardımlarını çatdıra bilərlər.

Eyni zamanda, Türkiyənin Azərbaycandakı səfirliyi və Naxçıvandakı baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə bildirilib ki, zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar lazımdır.

Yardımlar Bakıda “Doğtaş” mebel mağazasında toplanır.

Bundan başqa, əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı baş konsulluğa çatdırıla bilər. Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti, 17-dir.

Xatırladaq ki, qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib. Son məlumatlara görə, 3549 nəfər ölüb, 22 mindən çox insan yaralanıb, 5775 bina çöküb.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.