Türkiyədəki Azərbaycan diasporu Fransa parlamenti tərəfindən qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbul etməsini pisləmişdir
AzerTAg.az
Bakı, 23 dekabr (AZƏRTAC). İstanbul Türkiyə-Azərbaycan Dərnəyi Fransa parlamenti tərəfindən qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə insanların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsinin qəbulunu qətiyyətlə pisləmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, İstanbul Türkiyə-Azərbaycan Dərnəyi tərəfindən yayılmış bəyanatda Fransa parlamentinin bu qərarının arxasında yaxınlaşan seçkilərdə Prezident Nikola Sarkozinin ölkədə yaşayan 500 min erməninin səslərini qazanmaq istəyinin dayandığı bildirilir. Qeyd olunur ki, 1915-ci il hadisələrini siyasətçilər yox, tarixçilər araşdırmalıdır. Türkiyə Cümhuriyyəti dəfələrlə, qarşılıqlı olaraq arxivlərin açılması barədə Ermənistana müraciət etsə də, Yerevan bu günə qədər bu təklifə müsbət münasibət bildirməmişdir.
Bundan əlavə, bəyanatda vurğulanmışdır ki, əsl soyqırıma məruz qalanlar türklərdir. Anadoluda, Qafqazda, Azərbaycanda ermənilərin zülmünə məruz qalmayan ailə yoxdur. Əsl soyqırımı Ermənistan tərəfindən törədilmişdir. Ermənistan neçə illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Əgər Fransa ədalətli bir mövqe tutmaq istəyirsə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı gündəliyə çıxarmalıdır.
Sənəddə Türkiyə ərazisində minlərlə erməninin rahat, heç bir problemlə qarşılaşmadan, türklərlə bərabər hüquqlara sahib olaraq yaşadığı qeyd olunur. “Ermənistan ərazisində isə bir nəfər də türk qalmamışdır. Türkiyədə yüzlərlə kilsə mövcuddur, amma Ermənistanda bir məscid də olsun yoxdur. Əcdadlarımızdan qalan məscidlər dağıdılaraq yer üzündən silinmişdir”, - deyə bəyanatda vurğulanmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var