SİYASƏT
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi Ermənistan tərəfindən törədilən təxribatla bağlı bəyanat yayıb
İstanbul, 18 iyul, AZƏRTAC
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı bəyanat yayıb.
Birlikdən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda deyilir ki, 2020-ci il iyulun 12-dən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ və Tovuz bölgələrində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə Ermənistan silahlı qüvvələri tərəfindən edilən xain və mənfur hücumu Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi sərt şəkildə qınayır.
Bu hücumlar nəticəsində Azərbaycan ordusundan zabitlər və əsgərlər, dinc vətəndaşımız şəhid olub, yaralılar var.
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini uzun illərdir işğal altında saxlayır və gərginliyi artıran bu alçaq hücumlar uğursuzluğa məhkumdur.
Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın xain hücumları qarşısında Azərbaycan dövlətinin bütün qərarlarını dəstəkləyir və işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpağı olan Qarabağdan dərhal çıxmasını tələb edirik. Ermənistan BMT Təhlükəsizlik Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilən qərarlara hörmətlə yanaşmalı və dərhal əməl etməlidir.
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi olaraq bundan sonra da Azərbaycanın ərazi bütövlüyü məsələsində onun yanında olacağımızı ictimaiyyətin diqqətinə çatdırırıq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul