CƏMİYYƏT


Türkiyədən dəvət olunmuş tibb mütəxəssisləri Azərbaycanda koronaviruslu xəstələrin müalicəsinə cəlb olunublar

Bakı, 28 iyul, AZƏRTAC 

Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha verdiyi göstərişə uyğun olaraq yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə daha bir qrup əcnəbi tibb mütəxəssisi Azərbaycana dəvət edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə sözügedən sahədə çalışan qardaş Türkiyənin “Acıbadem” xəstəxanalar və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunublar. Onlar koronavirusla mübarizə sahəsində çalışmış və xəstəliyin müalicəsində geniş təcrübə qazanmış yüksəkixtisaslı həkim və tibb bacılarından ibarətdir.

Bu barədə AZƏRTAC-a agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Türkiyədən dəvət edilmiş həkim və tibb bacıları ölkəmizdə koronavirusla mübarizəyə ayrılmış “Yeni Klinika” tibb müəssisəsində olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar. Onlar koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsində yerli mütəxəssislərə dəstək olacaqlar.

Qeyd edək ki, agentlik ilk günlərdən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.