REGİONLAR
Türkiyəli alimlər Aqrar Universitetdə aparılan tədqiqatlarla maraqlanıblar
Gəncə, 25 aprel, Rauf Hacıyev, AZƏRTAC
Türkiyəli alimlər Azərbaycan Dövlət Aqrar Universitetində Aqronomluq fakültəsinin Bağçılıq kafedrasının dosenti Abbas İsmayılov, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası kafedrasının assistenti Küşvər Məmmədova və baş müəllim Nərmin Tağıyevanın birgə həyata keçirdikləri “Polygonum carneum ekstraktının sıçanlarda indometazin ilə induksiyalanan yara modelində qoruyucu təsirlərinin araşdırılması” adlı elmi araşdırma işinin icrası ilə yaxından tanış olublar.
Universitetin Mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Mövlanə Mübadilə Proqramı çərçivəsində Aqrar Universitetdə olan Atatürk Universitetinin professorları Abdulmecit Albayrak, Yasin Bayır və dosent Erol Akpınar bağçılıq kafedrasının professoru Zaur Həsənovun meyvəçilik sahəsində apardığı tədqiqatlarla da maraqlanıb, qonaqlara bu barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, türkiyəli qonaqlar, həmçinin Aqrar Universitetin Aqronomluq fakültəsində, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin kafedralarında da olub, professor-müəllim heyəti və tələbələrlə görüşüb, öz universitetlərinin təqdimatını edib, mühazirələr söyləyiblər.