ELM VƏ TƏHSİL


Türkiyəli alimlər havada, dənizdə və quruda bənzərsiz layihələr həyata keçirirlər - Dünyanın elm təcrübəsindən

İstanbul, 18 mart, AZƏRTAC

Türkiyənin son illərdə başda müdafiə sənayesi olmaqla texnologiya sahəsində irəliləyişi artan templə davam edir. Bu baxımdan ölkədə texnologiyanın nəzərəçarpan nümunələri sırasında Türkiyə istehsalı olan silahlı və silahsız pilotsuz uçuş aparatlarını, Hərbi Dəniz Qüvvələrinin “LHD Anadolu” ən böyük və çoxməqsədli amfibiya gəmisini, Avtomobil Müəssisələri Qrupu Sənaye və Ticarət A.Ş. (TOGG) tərəfindən hazırlanan vasitələri qeyd etmək olar. Qardaş ölkə yaxın gələcəkdə daha bir çox yeni layihələrini nümayiş etdirməyə hazırlaşır.

AZƏRTAC-ın xüsusi müxbiri Türkiyənin texnologiya sahəsindəki layihələri ilə bağlı bəzi araşdırmalar aparıb. Onun qeydlərini təqdim edirik.

Son zamanlar Türkiyə elmi havada, dənizdə və yerdə heyrətamiz uğurlara imza atmaqdadır. Daha çox müdafiə sənayesindəki nailiyyətlər diqqət çəkir. Məsələn, Türk Hava və Kosmik Sənayesi (TUSAŞ) tərəfindən inşa edilən Milli Döyüş Təyyarəsinin 2023-cü ildə anqardan çıxması, 2025-2026-cı illərdə ilk uçuşunu etməsi və 2028-ci ildən sonra silahlanmaya daxil edilməsi gözlənilir. Bu təyyarə ölkənin Hərbi Hava Qüvvələrinin qüdrətinin artırılmasına böyük töhfə verəcək.

Türkiyənin dünyada tanınan pilotsuz uçuş aparatları Yer kürəsinin müxtəlif bölgələrində hərbi əməliyyatlarda mühüm rol oynayıb. Bu PUA-ları istehsal edən, ölkənin texnologiya hərəkatının öncülü hesab olunan “Baykar” şirkəti tərəfindən hazırda “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatının son testləri keçirilir.

2014-cü ildən Türkiyə Silahlı Qüvvələrinə xidmət edən “ATAK” helikopterləri, eyni zamanda, Pakistan və Filippin ordusunda fəal şəkildə istifadə olunur. Bu hərbi helikopterlərə digər ölkələrdə də tələbat var.

Türkiyə təkcə havada deyil, dənizdə də müasir texnologiyaları ilə tanınır. Ən böyük hərbi “LHD Anadolu” çoxməqsədli amfibiya gəmisi ilk texniki kruizə çıxmağa hazırlaşır. Müxtəlif quru, hava və dəniz nəqliyyat vasitələri ilə kruiz testləri həyata keçirəcək “LHD Anadolu”nun bu ilin sonunadək istifadəyə verilməsi gözlənilir.

Ölkənin TOGG şirkəti öz avtomobilini istehsal etmək məqsədilə çıxdığı yolda böyük məsafə qət edib. Şirkətin pilotlu və pilotsuz ən müasir avtomobilləri, eləcə də avtomobil hissələri sərgilərdə diqqət mərkəzindədir. TOGG-un Bursa vilayətinin Gəmlik rayonunda 1,2 milyon kvadratmetr sahədə qurulan fabrikində yeni nəsil nəqliyyat vasitələri istehsal ediləcək. 2022-ci ilin son rübündə təqdim edilməsi planlaşdırılan avtomobillər Avropanın ilk elektrikli SUV-u (iri həcmli avtomobil), eyni zamanda, üçüncü səviyyəyə hazır avtonom (pilotsuz) avtomobili olacaq.

Türkiyə, həmçinin elektriklə işləyən avtomobillərin ən əsas hissələrindən biri olan akkumulyator istehsalında çox mühüm addım atıb. Siro, TOGG və Farasis ortaq şirkətləri layihə əsaslı dövlət dəstəyindən faydalanaraq qurulacaq fabrikdə akkumulyator elementləri və modullar istehsal edəcək.

Qardaş ölkədə tibb elminin COVID-19 pandemiyası ilə mübarizə istiqamətində hazırladığı yeni texnologiyalar da diqqət çəkir. Səhiyyə Nazirliyi və Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyi ilə mühəndislərin yaratdığı “Biovent” Reanimasiya Tipi Mexanik Ventilyator Cihazı (tənəffüs cihazı) problemin həllinə əhəmiyyətli dərəcədə yardımçı oldu. Pandemiyanın ilk aylarından etibarən bu cihaz dünyanın müxtəlif bölgələrinə də ixrac edildi.

Türk alimlərinin COVID-19 virusu ilə mübarizəyə verdiyi ən mühüm töhfələrdən biri də təbii ki, yerli vaksin TÜRKOVAC oldu.

Türkiyə mobil oyun sektorunda da qabaqcıl ölkələrindəndir. Belə ki, “Google Play”də 158 min 96 oyun təsisçisindən 2 min 636-dan çoxu türklərin, 424 min 964 oyundan 8 min 890-dan çoxu Türkiyənin payına düşür. Türkiyə istehsalı olan bu oyunlar xüsusilə ABŞ-da ən çox yüklənənlər arasındadır. Ölkədə 2020-ci ildə ən çox investisiya alan sahə də məhz bu sektor olub. 2021-ci ildə isə ən böyük sərmayələrindən biri -155 milyon dollarla Türkiyə istehsalı “Dream Games”ə yatırılıb.

Son zamanlar Türkiyədə kosmos tədqiqatları sahəsində də mühüm addımlar atılır. 2018-ci ildə Prezident Fərmanı ilə yaradılmış Türkiyə Kosmos Agentliyi ölkənin “Milli Kosmos Proqramı”nın təqdimat mərasimində on əsas hədəfini açıqlayıb. Proqramın hədəfləri arasında yerli kosmik uçuş aparatlarının istehsalı, 2023-cü ildə Aya eniş planı və 2028-ci ildə ilk Türkiyə vətəndaşının kosmosa göndəriləcəyi yer alıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.