CƏMİYYƏT
Türkiyəli amputant futbolçular Milli Məclisdə olublar




Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan-Türkiyə Amputant Futbol klubları arasında keçirilən yoldaşlıq oyununun iştirakçıları ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Adil Əliyev bu oyunda dostluq, yoldaşlıq və qardaşlığın qazandığını vurğulayıb. Milli Məclis sədrinin müavini Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən danışıb, Qarabağda və Şərqi Zəngəzurda hazırda həyata keçirilən yenidənqurma və bərpa işləri barədə türkiyəli qonaqlara məlumat verib. O, belə oyunların təşkilinin qazilərin və əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası üçün önəmli olduğunu və onların mənəvi durumlarına müsbət təsir göstərdiyini qeyd edib.
Adil Əliyev Türkiyə dövlətinin və Prezident Rəcəb Tayyib Ərdoğanın müharibə zamanı ölkəmizə verdiyi siyasi və mənəvi dəstəyi minnətdarlıqla qeyd edib. O, Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə Prezidenti seçilməsini bütövlükdə türk dünyası üçün önəmli böyük hadisə kimi qiymətləndirib.
Görüş iştirakçıları səmimi söhbətə görə öz təşəkkürlərini bildiriblər.
Sonda Milli Məclis sədrinin müavini qonaqları parlamentin inzibati binasının foyesində yaradılmış “Zəfər Guşəsi” ilə tanış edib.