İDMAN


Türkiyəli avarçəkən: “Prezident kuboku-2022”də hədəfimiz birinci olmaqdır

Mingəçevir, 5 may, AZƏRTAC

Azərbaycan xalqına və Mingəçevir əhalisinə təşəkkür edirəm. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu yarışa dəstək olduğu üçün minnətdaram.

AZƏRTAC xəbər verir ki, bunu azad olunmuş torpaqlarımızda ilk beynəlxalq turnir – “Prezident kuboku-2022”nin bu gün Mingəçevirdə baş tutan paradından sonra Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü, Etika Komitəsinin sədri Bülent Eren deyib.

O bildirib ki, Azərbaycanda olduqları üçün çox şaddır: “Türkiyə hər zaman Azərbaycanın yanındadır və olacaq. Biz burada bir daha anladıq ki, həqiqətən biz bir millət, iki dövlətik. Yaşasın Azərbaycan, yaşasın Türkiyə! “Prezident kuboku-2022”yə gələn idmançılarımız son olaraq Xorvatiyanın paytaxtı Zaqrebdə iştirak ediblər. Türkiyə yığmasının heyətində dünya və Avropa çempionatlarının qalibləri yer alır. Bu yarışda da uğurlu nəticəyə ümid edirik”.

Türkiyə millisinin avarçəkəni Ali Asaf Çiftçi isə hədəfinin çempion olduğunu bildirib: “Hava limanından başlayaraq bizi gözəl qarşıladılar. Təşkilatçılıq çox yaxşıdır. Buradakı hədəfimiz əlimizdən gələnin ən yaxşısını edib, birinci olmaqdır”.

Türkiyəli kanoeçi İrem Uzun da uğurlu çıxışa ümid edir: “Çox gözəl qarşılandıq. Hamı çox həyəcanlıdır. Burada olmaqdan çox qürurluyuq. Ümid edirəm ki, ölkəmizi layiqincə təmsil edəcəyik. Onun üçün buradayıq. Azərbaycana ilk dəfə gəlirəm. İnsanları çox mehriban, qonaqpərvərdir”.

Qeyd edək ki, “Prezident kuboku-2022”nin açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.

“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.