İQTİSADİYYAT


Türkiyəli ekspert: Azərbaycanla Türkmənistan arasındakı anlaşma bir sıra digər iqtisadi layihələr üçün təməl yaradıb

Ankara, 25 yanvar, AZƏRTAC

Azərbaycan ilə Türkmənistan arasında imzalanan Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu türk dünyasının qardaşlıq və əməkdaşlıq münasibətlərini möhkəm tellərlə bir-birinə bağlayan tarixi sənəddir.

Bu fikri AZƏRTAC-a enerji iqtisadiyyatı üzrə ekspert, Türkiyənin Boğaziçi Universitetinin professoru, Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) prezidenti, professor Gürkan Kumbaroğlu deyib.

Sözügedən anlaşmanın yaxın gələcəkdə digər yeni iqtisadi layihələrin ortaya çıxacağına əminliyini ifadə edən türkiyəli professor deyib: “Azərbaycan ilə Türkmənistan arasında karbohidrogen ehtiyatlarının işlənməsinə dair anlaşmanın əldə olunması türkdilli ölkələrin Xəzər, Aralıq və Qara dəniz bölgələrində sıx əməkdaşlıq edəcəyinin göstəricisidir. Beynəlxalq statusa malik olan bu anlaşma region ölkələrinin hamısına faydalılıq vəd edir. IAEE da bu anlaşmanın perspektivlərini araşdıracaq. Ümumiyyətlə hazırda Azərbaycan ilə Türkmənistan arasında imzalanan sənədin təhlili IAEE Avrasiya Konfransının gündəliyində çox vacib maddələr sırasına daxil edilib”.

Qeyd edək ki, IAEE 110 ölkədən 450-dək görkəmli alimi öz sırasında birləşdirir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.