ORDU
Türkiyəli hərbi qulluqçular ailə üzvləri ilə birlikdə Azərbaycanda səfərdədirlər
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizə səfərə gəliblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçuların, mülki işçilərin və onların ailə üzvlərinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsinə və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Proqrama uyğun olaraq, qonaqların Bakı, Gəncə, Şəmkir və Şəki şəhərlərinə ekskursiyası təşkil edilib. Türkiyəli heyət ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, adət-ənənəsi ilə yaxından tanış olub, milli mətbəximizə məxsus yemək və şirniyyatlardan dadıblar.