REGİONLAR


Türkiyəli iş adamları Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini hədəfə almasını şiddətlə qınayırlar

Naxçıvan, 13 oktyabr, AZƏRTAC

Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin iştirakı ilə keçirilən onlayn görüşdə türkiyəli iş adamları Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini artilleriya qurğularından və raketlərdən atəşə tutmasını insanlıq əleyhinə işlənmiş qatı cinayət olduğunu vurğulayıblar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə ilk olaraq palatanın həmsədri, Türkiyə Odalar və Borsalar Birliyi İdarə Heyətinin üzvü Öztürk Oran çıxış edərək deyib: “Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin qardaş Azərbaycana qarşı həyata keçirməyə cəhd göstərdikləri növbəti işğalçı hücumlarını pisləyir və azərbaycanlı qardaşlarımızla bir yerdə olduğumuzu bildiririk. Türkiyə Odalar və Borsalar Birliyi olaraq bu hadisələrə ilk gündən münasibətimizi bildirmişik. Vurğulamaq istəyirəm ki, Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatasının həmsədri olaraq Azərbaycanda baş verən bu hadisələri diqqətlə izləyirik”.

Öztürk Oran diqqətə çatdırıb ki, Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası, o cümlədən Türkiyə Odalar və Borsalar Birliyi Azərbaycan torpaqlarını illərdir işğal altında saxlayan Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə heç bir məhəl qoymadan mülki yaşayış məntəqələrini hədəfə almasını şiddətlə qınayır. O vurğulayıb ki, Azərbaycan bu gün öz ərazi bütövlüyünü qoruyur. Dağlıq Qarabağ və ətraf ərazilər 30 ilə yaxındır ki, işğal altındadır.

“Biz münaqişənin nizamlanmasına cavabdeh olan beynəlxalq qurumları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirməyə çağırırıq”, - deyən Öztürk Oran bildirib ki, Türkiyə və Azərbaycan təkcə dost və müttəfiq deyil, həm də qardaş ölkələrdir. Bir millət, iki dövlət prinsipinə uyğun olaraq can Azərbaycanla sonuna qədər birlikdəyik. Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatasının həmsədri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan Ordusu cəbhədə düşmənə layiqli cavab verir və məğlubiyyətə uğrayan Ermənistan ordusunun hücum cəhdlərinin qarşısını qətiyyətlə alır. Bu gün azərbaycanlı sahibkarlar da ordumuzun yanındadır və hər kəs ordumuza əlindən gəldiyi qədər dəstək göstərir.

Vüqar Abbasov deyib: “Türkiyəli iş adamlarının Azərbaycana dəstək məqsədilə onlayn toplantıda iştirak etməsi bizi çox qürurlandırır və buna görə sizə təşəkkür edirəm. Onu da bildirmək istəyirəm ki, işğal altında olan torpaqlarımız azad olunduqdan sonra biz türkiyəli iş adamları ilə birgə həmin torpaqlarda yeni şirkətlər quracaq, iş yerləri yaradacaq, bölgənin iqtisadi inkişafına bərabər töhfəmizi verəcəyik”.

Onlayn görüşdə çıxış edən türkiyəli iş adamları Azərbaycana qarşı həyata keçirilən xain hücumların insanlıq əleyhinə cinayət olduğunu bildirib və bunu qınadıqlarını, hər zaman Azərbaycanın yanında olacaqlarını bildiriblər. Həmçinin işğaldan azad olunacaq bölgələrdə yeni həyatın başlanmasına öz töhfələrini verəcəklərini vurğulayıblar.

Tədbirdə çıxış edən azərbaycanlı sahibkarlar Azərbaycanı bu haqq işində dəstəklədiklərinə görə türkiyəli həmkarlarına təşəkkürlərini bildiriblər.

Onlayn tədbirdə türk iş adamlarının Azərbaycana dəstək nümayişi ilə bağlı sosial şəbəkədə paylaşdıqları statuslardan nümunələr, eləcə də Türkiyə Odalar və Borsalar Birliyi binasının milli bayrağımızın rənginə bürünmüş görüntüləri nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.