REGİONLAR
Türkiyəli jurnalist Həmzə Səngərin Naxçıvan təəssüratları...
Naxçıvan, 5 mart, AZƏRTAC
Türkiyənin Qars vilayətində geniş oxucu kütləsinə malik olan gazetekars.com saytında Həmzə Səngərin “Naxçıvan təəssüratlarım...” sərlövhəli məqaləsi yerləşdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalədə Naxçıvanın dünəni ilə bu günü müqayisə olunur və qədim diyarın inkişafı istiqamətində böyük nailiyyətlərin əldə edildiyi vurğulanır. Müəllif yazır: “Azərbaycanın ən qədim torpağı olan Naxçıvana ilk dəfə 1993-cü ildə Azərbaycan və Türkiyə xalqları üçün böyük mücadilə vermiş hacı babam Yusif Səngər ilə birlikdə getmişdik. Buradan da təyyarə ilə Bakıya uçmuşduq. Həmin illər Naxçıvan çox sıxıntılı və xeyli çətin günlərini yaşayırdı. Ürəyimizdəki bir sızıltı idi Naxçıvan. Aradan 25 il keçdi və mən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ilində Naxçıvanda olmaq şərəfinə nail oldum. Buradakı inkişaf ilk baxışdan diqqətimi cəlb etdi”.
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə türkdilli ölkələr arasında yeganə torpaq sərhədi olan bir diyar olduğunu vurğulayan Həmzə Səngər qeyd edir ki, Ermənistan, İran və Türkiyəyə qonşu olan Naxçıvanın ərazi bütövlüyü 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə təmin olunub. Naxçıvan həm tarixi, həm də turizm baxımından olduqca əhəmiyyətli bir şəhərdir. Son dərəcə təmiz və abad, geniş prospekt və küçələri, gülərüzlü və səmimi sakinləri ilə insanın qəlbinə rahatlıq bəxş edir.
Müəllif yazır: “Naxçıvan sakinləri Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevə və onun layiqli davamçısı İlham Əliyevə böyük rəğbət və hörmət bəsləyirlər. Hər kəs böyük lider Heydər Əliyevi çox sevir”.
Həmzə Səngər böyük lider Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” kəlamlarını xatırladaraq qeyd edir ki, Türkiyə və Azərbaycan qardaşlığı ümummilli lider Heydər Əliyev tərəfindən daha da möhkəmləndirilib, Azərbaycan Prezidenti İlham Əliyev ilə ən yüksək səviyyəyə yüksəlib. Türkiyə ilə Azərbaycan tək millət, iki dövlətdir. Dinimiz bir, dilimiz bir, mədəniyyətimiz birdir. Tariximizdə bənzərliklər, kəsişən nöqtələr vardır.
“Azərbaycanın, Naxçıvanın güclənməsindən həmişə qürur duyduq və duyacağıq. Bu gözəl və cazibədar şəhər hər kəsdə olduqca müsbət təəssüratlar yaradır”, - fikirlərini xüsusi vurğulayan müəllif Naxçıvana gedəcək turistlərin Heydər Əliyev Muzeyini, Heydər Əliyev prospektini, Dövlət Bayrağı Meydanı və Muzeyini, Xan sarayını, Hüseyn Cavidin ev-muzeyini, Açıq Səma Altında Muzeyini, Möminə xatın türbəsini, Naxçıvan teatrını və Xalça muzeyini ziyarət etmələrini, buradakı tarixi abidələrlə, çoxsaylı eksponatlarla yaxından tanış olmalarını tövsiyə edir. Məqalədə qeyd olunan hər bir mədəniyyət müəssisəsi barədə oxuculara geniş məlumat verilir.