REGİONLAR
Türkiyəli müəllim və tələbələr Gəncənin mədəni-tarixi abidələri ilə tanış olublar
Gəncə, 16 may, Rauf Hacıyev, AZƏRTAC
Türkiyədən olan nümayəndə heyəti - Şanlıurfa valiliyinin protokol müdiri Mustafa Özsoy, valiliyin xüsusi işlər müdirinin müavini Adil Bayraktar, Milli Təhsil Nazirliyinin Peşə Təhsili İdarəsinin rəhbəri İbrahim Ərdoğan Gəncəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev qonaqlarla görüşdə Gəncənin sosial-iqtisadi vəziyyəti, təhsil ocaqları, eləcə də mədəni həyatı barədə məlumat verib.
Şanlıurfa valiliyinin protokol müdiri Mustafa Özsoy Nizami yurdunda onlara göstərilən xoş münasibətə görə təşəkkürünü bildirib.
Milli Təhsil Nazirliyinin Peşə Təhsili İdarəsinin rəhbəri İbrahim Ərdoğan qeyd edib ki, Şanlıurfada keçirilən, türk dövlətləri və qurumlarının qatıldığı “Türk Dünyası Bilik və Mədəniyyət Şənliyi” layihəsində azərbaycanlı tələbələrin “Qarabağı qurtaracağıq” layihəsi ilk üçlükdə yer alıb. İbrahim Ərdoğan “Türk Dünyası Bilik və Mədəniyyət Şənliyi” layihəsinin 40 nəfər qalibi olan türkiyəli tələbə və müəllimlə birgə Bakı və Gəncənin mədəni-tarixi abidələrində, gəzməli-görməli yerlərində olduqlarını diqqətə çatdırıb.
İbrahim Ərdoğan və Türkiyənin Gəncədəki baş konsulunun müavini Mustafa Çətin Kaya iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini deyiblər. Onlar Azərbaycanın digər şəhərlərində olduğu kimi, Gəncənin sosial-iqtisadi və mədəni inkişafını da yüksək qiymətləndiriblər.