İQTİSADİYYAT
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımaları 2,4 dəfə artırmaq mümkündür
Ankara, 27 mart, AZƏRTAC
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yeni tip koronavirus (COVID-19) infeksiyası riski ilə əlaqədar yük daşınmalarındakı problemləri aradan qaldırmağa kömək etmək iqtidarındadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib.
Onun sözlərinə görə, BTQ polad magistralı Avrasiyada bütün növ yüklərin təhlükəsizlik daşınmasında xüsusi imkanlara malikdir. Türkiyə tərəfi yeni tip koronavirusun yayılmasının iqtisadiyyata və ticarət dövriyyəsinə mənfi təsirini azaltmaq üçün gördüyü tədbirlər sırasında Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin intensivliyini artırmağa ciddi diqqət yetirir. Qeyd edilib ki, BTQ xətti ilə daşınmaların həcmini təxminən 2,4 dəfə artırmağa imkan var. Nazir bildirib ki, məlum səbəbdən son aylar Türkiyə ilə İran arasındakı daşınmalara dair problem məhz bu xəttin verdiyi imkanlar sayəsində çözülüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara