SİYASƏT
Türkiyəli professor: Azərbaycan möhtəşəm Qarabağ Zəfəri ilə regiondakı proseslərə əhəmiyyətli dərəcədə təsir göstərib
Ankara, 25 dekabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə regionun bütün dövlətlərinə, ölkələrinə və xalqlarına dostluq, mehriban qonşuluq şəraitində birgəyaşayış vəd edir. Azərbaycan möhtəşəm Qarabağ zəfəri ilə regiondakı bütün proseslərə əhəmiyyətli dərəcədə təsir göstərib. İkinci Qarabağ müharibəsinin nəticələri regionda, xüsusilə də Qafqaz bölgəsində maraqları olan bütün böyük dövlətləri məcbur edib ki, qarşılıqlı münasibətlərinə yenidən baxsınlar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ankara Böhranlar və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfettin Erol söyləyib.
Müzəffər Ali Baş Komandan, Türk Dünyasının Ali Ordeninə layiq görülmüş Prezident İlham Əliyevə yubileyi münasibətilə səmimi təbriklərini, ən xoş arzularını çatdıran professor deyib: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrindən uzun illər öz çirkin məqsədləri üçün istifadə edən qüvvələr Qarabağ Zəfərindən sonra regiondakı proseslərə təsir imkanlarını itiriblər. Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərinin nəticələri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan böyük Zəfər sayəsində regional proseslərə təsir rıçaqlarını özündə saxlayır. İndi daha beynəlxalq tribunalarda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin aradan qaldırılması deyil, təcavüzkar tərəfin sülh şəraitində yaşamağı qəbul etməsi müzakirə olunur. Prezident İlham Əliyevin Brüssel səfəri çərçivəsində əldə etdiyi diplomatik uğurların Ermənistanla münasibətlərin normallaşması prosesinə müstəsna təsiri olacaq. Çünki regionda maraqları olan tərəflər yaxşı anlayırlar ki, Zəngəzur dəhlizinin açılması başda olmaqla, kommunikasiyaların bərpası bölgədəki münasibətlərin inkişafı üçün yeganə çıxış yoludur”.
Mehmet Seyfettin Erol əminliklə bildirib ki, Azərbaycan işğaldan azad olunan ərazilərini ən qısa zamanda tam bərpa edərək Böyük Qayıdışı təmin edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara