SİYASƏT
Türkiyəli professor: “İstanbul Prosesi”nə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq sülh və inkişafa töhfəsidir
İstanbul, 4 dekabr, AZƏRTAC
Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının təşkil edilməsi Azərbaycanın dünyada uzunmüddətli sülh və inkişaf prosesini bərqərar olunmasına verdiyi növbəti töhfədir.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Türkiyənin Boğaziçi Universitetinin professoru, enerji iqtisadiyyatı dərnəyinin sədri Gürkan Kumbaroğlu bildirib. Professor deyib ki, Azərbaycan hazırda Avrasiya məkanındakı qlobal inkişaf prosesinin mərkəzində dayanır. Bir-birinin ardınca gerçəkləşən qlobal iqtisadi layihələr onun beynəlxalq proseslərə təsir imkanlarını genişləndirib.
“Yaxın tarixə nəzər salsaq görərik ki, Azərbaycan bütün maneələrə baxmayaraq, önəm verdiyi layihələri gerçəkləşdirməyi bacarır. Ona görə də Bakının “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə ev sahibliyi etməsi bu prosesə diqqəti artıracaq. Bu da öz növbəsində prosesin tərkibinin genişlənməsinə və müzakirə olunan məsələlərə daha ciddi reaksiya verilməsinə öz müsbət təsirini göstərəcək”, - deyə G.Kumbaroğlu vurğulayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul