REGİONLAR
Türkiyəli professor: Naxçıvanda beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunması bizi çox sevindirdi
Naxçıvan, 16 oktyabr, AZƏRTAC
Bizə dost və qardaş olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olmaqdan, “Elekroenergetika mühəndisliyinin texniki və fiziki problemləri” mövzusunda XIV beynəlxalq elmi konfransın Naxçıvanda keçirilməsindən çox məmnunam.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Ankara Qazi Universitetinin professoru Cengiz Taplamacıoğlu deyib.
“Elekroenergetika mühəndisliyinin texniki və fiziki problemləri” konfransının ilk qurucu və fəal üzvlərindən biriyəm. 2002-ci ildən keçirilən bu konfrans bu günədək Azərbaycan, Türkiyə, İran və bir sıra Avropa ölkələrində təşkil edilib”, – deyən Cengiz Taplamacıoğlu vurğulayıb ki, konfransın keçirilməsində məqsəd iştirakçı ölkələrdəki elektroenergetika problemlərini müzakirə etmək, onların həlli yollarını tapmaq, bu mövzuda müzakirələr və təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
Çankırı Karatekin Universitetinin professoru Murat Arı isə deyib: “Naxçıvanda bizi qonaqpərvərliklə qarşıladılar. Bu beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunması bizi çox sevindirdi. Onu da deyim ki, buraya gəlməkdə digər məqsədim Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq protokolu imzalamaqdır. Həmin əməkdaşlıq protokoluna əsasən, Naxçıvan Dövlət Universitetinin tələbələri Türkiyədə təhsil almaq və təcrübə qazanmaq imkanları əldə edəcəklər”.