Türkiyəli professor Nevzat Tarhan: Asılılıq müalicəsi çətin və uzun olan bir xəstəlikdir
AzerTAg.az
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Asılılıq müalicələsində diaqnoz, nevroloji yanaşmalar və texnoloji yeniliklər” mövzusunda seminar keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klinikanın direktoru, professor Surxay Hadıyev İstanbul Üsküdar Universiteti və “Medi Global” şirkətinin mütəxəssislərinin iştirak etdikləri seminar haqqında danışıb: “Bugünkü seminar psixiatriya sahəsinə, dünyada geniş yayılmış zərərli alışqanlıqlara həsr olunub. Bu xəstəliyin yaranma səbəbləri və müalicə üsulları barədə burada danışacağıq. Seminarda iştirak edən Üsküdar Universitetinin rektoru, həkimləri və hər kəsə işlərində uğurlar diləyirəm”.
Üsküdar Universitetinin rektoru, professor Nevzat Tarhan çıxışında bu mövzuda keçirilən seminarların əhəmiyyətini vurğulayıb: “Bu problemlərin böyüməməsi üçün bir çox işlər görməliyik. Çünki asılılıq çox çətindir. Belə ki, bu bir çox digər xəstəliklərə yol açır. Müalicəsi çətin və uzun olan bir prosesdir. Bu seminarda asılılıq xəstəliyi ilə bağlı fikirlərimizi və təcrübələrimizi bölüşəcəyik. İnanıram ki, xəstəliyin qarşısının alınmasında bu kimi seminarların faydası böyükdür”.
Sonra seminar mütəxəssislərin çıxışları və “Asılılıq müalicələrinə Azərbaycanda yanaşma”, “Azərbaycanda asılılıq statistikası”, “Asılılıq nədir və müalicəsi” mövzularında məruzələrlə davam etdirilib.



Xəbərin mətnində orfoqrafik səhv var