İQTİSADİYYAT
Türkiyəli professor “Star” neft emalı zavodunun əhəmiyyətindən yazıb
Ankara, 2 noyabr, AZƏRTAC
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin “Gözlem” qəzetində “SOCAR-ın “Star” neft emalı zavodunun xatırlatdıqları” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda İzmirdə istifadəyə verilən “Star” neft emalı zavodunun potensial imkanları təhlil olunur. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi sayəsində reallaşdırılan bu sənaye kompleksinin istifadəyə verilməsinin əhəmiyyətindən bəhs edilir.
Müəllif yazır ki, məhz bu zavod sayəsində Türkiyənin neft və neft məhsullarının idxalından asılılığı azalacaq. Bundan başqa, çox sayda vətəndaş işlə təmin olunur, böyük məbləğdə qazanc üçün əsaslar yaranır.
Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı keçirilən “Star” neft emalı zavodu Türkiyənin ən böyük sənaye kompleksidir. “SOCAR Türkiyə” hər il daha böyük sürətlə irəliləyərək strateji sahələrə sərmayə yatırmaqla qardaş ölkənin iqtisadiyyatına və sənayesinə əlavə güc qatır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara