CƏMİYYƏT


Türkiyəli professorun apardığı seminar uşaqlarda metabolik xəstəliklərlə bağlı epilepsiyalara həsr olunub

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Tibb (ATU) Universitetinin Tədris Terapevtik Klinikasında “Uşaqlarda metabolik xəstəliklərlə bağlı epilepsiyalar” mövzusunda seminar keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarı giriş sözü ilə klinikanın elm və tədris işləri üzrə direktor müavini Adil Nuriyev açıb. Səhiyyə Nazirliyinin baş nevroloqu, professor Şərif Mahalov çıxış edərək mövzunun aktuallığı və epilepsiyanın öyrənilməsi sahəsində ölkəmizdə görülən işlərdən danışıb.

Seminarda İstanbul Medipol Universitet Xəstəxanasının pediatrik nevrologiya şöbəsinin həkimi, professor Kürşat Aydın “Uşaqlarda metabolik xəstəliklərlə bağlı epilepsiyalar” mövzusunda çıxış edib.

Son on ildə daha çox metabolik xəstəliklərlə məşğul olan professor onun uşaqlar arasında daha geniş yayıldığını bildirib: “Epilepsiya nevrologiyanın ən çox rast gəlinən problemlərindəndir. Bu xəstəliyin nədən qaynaqlandığını müəyyən etmək çox çətindir. Belə ki, elə xəstələr olur ki, onların müayinə və müalicəsi asan olmur. Bu zaman daha çox metabolik problemlərdən şübhələnilir. Metabolik xəstəlik isə yüzlərlədir və onun növünü dəqiq müəyyənləşdirmək üçün diqqətli olmaq lazımdır. Epilepsiya zamanı arxasında metabolik xəstəliklər dayanana qədər bir çox problemlər ortaya çıxa bilər”.

Professor son vaxtlar uşaqlar arasında gec danışma probleminin də geniş yayıldığını deyib: “Bədəndə hansısa maddənin çatışmazlığı uşaqlar arasında bəzi problemlərə yol açır. Bəzən valideynlər buna o qədər də ciddi fikir vermirlər. Valideynlərdə olan problemin uşaqda da olmasına normal yanaşırlar. Lakin bu zaman çox diqqətli olmaq və vaxtında həkimə müraciət etmək lazımdır”.

Türkiyəli professor seminarda metabolik xəstəliklərin müalicə olunan və olunmayan növləri haqqında da məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.