CƏMİYYƏT
Türkiyəli psixoloq: Bizə daha çox post-travmatik stres pozuntuları ilə bağlı müraciətlər olur
Bakı, 18 fevral, AZƏRTAC
Türkiyədən gələn peşəkar klinik-psixoloq və psixoterapevtlərə daha çox post-travmatik stres pozuntuları ilə bağlı müraciətlər olur. Bu, hər bir müharibədən sonra gözlənilən haldır. Post-travmatik stres müharibə sindromudur. Bundan başqa, bizə şiddətli baş ağrıları, aqressivlik, yuxusuzluq, depressiya, təşviş, daim həyəcan keçirmək şikayətləri ilə müraciətlər edilir. Ümumilikdə Azərbaycanda olduğumuz müddətdə 512 nəfərə psixoloji xidmət göstərmişik. Müraciət edən şəxslərdə nəfəs çatışmazlığı, boğulma hissləri, əllərin və bədənin əsməsi, tərləmə əlamətləri də müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardım etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizə gələn qardaş Türkiyənin peşəkar klinik-psixoloq və psixoterapevtlərindən ibarət nümayəndə heyətinin rəhbəri Selçuk Demirtaş jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, xüsusilə terrordan zərərçəkmiş insanlarda mərmi düşməsi nəticəsində dilin tutulması, qulağın eşitməməsi, ünsiyyətdən qaçma əlamətləri olur. On iki nəfər bu simptomla bizə müraciət edib. Onların müalicəsi davam edir. Bəziləri artıq danışa və eşidə bilir.
“Psixoloqlarımızın qəbuluna müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin yaxınları, Bərdədə, sərhəd bölgələrinin terrordan zərər çəkmiş sakinləri gəlirlər. Həmin şəxslər gecələr oyanma, qışqırma, qorxu, təşviş əlamətləri ilə müraciət edirlər. Onlara da əlimizdən gəldiyi qədər kömək göstərir və müalicə edirik. Qısa müddətdə səmərə verən müalicə üsullarından istifadə edirik. Yuxusuzluq, aqressiya, şiddətli baş ağrıları, stres adətən ilk seansdan sonra keçir. Həm Bakıda, həm də Gəncə və Bərdədə psixoloq-mütəxəssislərə hələ də müraciət etməyən insanlar var. Onları da dinləyib lazımi kömək göstərəcəyik”, - deyə Selçuk Demirtaş vurğulayıb.