REGİONLAR
Türkiyəli qonaqlar: Naxçıvan Türk dünyasının bir parçası kimi bizə əziz və doğmadır
Naxçıvan, 19 dekabr, AZƏRTAC
Türkiyə Respublikasının Ərzurum Vilayətinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində “Naxçıvan” Universitetində olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev qonaqlara universitet haqqında geniş məlumat verib. Rektor diqqətə çatdırıb ki, “Naxçıvan” Universiteti dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinə malikdir. Ali təhsil ocağı üç beynəlxalq təhsil təşkilatının üzvüdür, beynəlxalq proqramlarda və layihələrdə iştirak edir. “Erasmus” xətti ilə AESOP EQAC layihələri, “Tempus” xətti ilə ENOTE və COMOLTE layihələrini həyata keçirib.
Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı “Naxçıvan” Universiteti ilə Ərzurum Universiteti arasında 2014-cü ildən “Mövlana proqramı” çərçivəsində başlayan əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.
“Naxçıvan” Universiteti ilə tanışlıq, buradakı maddi-texniki təchizat və yaradılan müasir tədris şəraiti türkiyəli qonaqlarda məmnunluq doğurub.
Qonaqlar səfər çərçivəsində Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, Möminə xatın türbəsi və Kazım Qarabəkir Paşa məscidi ilə tanış olublar.
AZƏRTAC-ın Naxçıvan bürosu türkiyəli qonaqların səfər təəssüratlarını öyrənib.
Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin baş katibi Osman Demirdöğen: Ötən dövrdə bölgədə səhiyyə xidmətləri və qış turizminin inkişafını təmin etmək üçün proqram hazırladıq. Proqram çərçivəsində Gürcüstan, İran, Azərbaycan və digər qonşu ölkələrdə olduq, qarşılıqlı əməkdaşlıq üçün zəmin yaratdıq. Naxçıvana gəlişimizin məqsədi də məhz səhiyyə xidmətləri və qış turizmi sahəsində gələcək əməkdaşlığımızın istiqamətlərini müəyyənləşdirmək, bu sahədə görüləcək işləri müzakirə etmək idi. Görüşlər zamanı nəzərdə tutulan məsələlərlə bağlı fikir mübadiləsi aparıldı və görüləcək işlər müəyyən edildi. Bu gün Ərzurumdakı xəstəxanalarda tibbin ən müasir avadanlıqlarından istifadə edilir, həmin şəraiti burada tanıtmağı və Naxçıvanda olan imkanları da qayıdan kimi öz ölkəmizdə təbliğ etməyi nəzərdə tuturuq. Düşünürəm ki, bu görüşümüz imkanlarımızdan qarşılıqlı olaraq səmərəli istifadə etməyimizə geniş yol açacaq.
Onu da xüsusilə qeyd etməliyəm ki, bizi qədim türk yurdunda böyük qonaqpərvərliklə qarşıladılar, bir sıra təhsil və səhiyyə ocaqlarını gəzdik. Fikrimcə, Duzdağ Fizioterapiya Mərkəzi qədim diyarı müalicə turizmi baxımından xüsusilə cəlbedici edir, bizim ölkədən hər il yüzlərlə insan həmin mərkəzə üz tutur. Hər kəs müalicənin uğurla keçdiyini və müsbət nəticələr əldə olunduğunu vurğulayır. Qayıdandan sonra bronxial-astma xəstəliyindən əziyyət çəkənlərə mərkəzin imkanları barədə daha geniş məlumatlar verib, xəstələri buraya göndərməyi düşünürük.
Bu, mənim Naxçıvana dördüncü səfərimdir. İlk dəfə 2003-cü ildə burada olmuşam və budəfəki səfərimdə qədim türk torpağının inanılmaz dərəcədə dəyişildiyinin, müasirləşdiyinin, böyük inkişaf yolu keçdiyinin şahidi oldum. Fikrimcə, əgər yüksəliş bu templə davam edərsə, gələcəkdə Naxçıvan bölgədə Dubay qədər önəmli rola malik ola bilər. Bizim də üzərimizə hansı vəzifə düşərsə, onu yerinə yetirməyə hazırıq. Naxçıvan bizə İqdır, Ərzurum qədər əziz və doğmadır. Belə gözəl qarşılanmaya və bizə yaratdıqları şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığımı bildirirəm.
Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı: Ərzurum valiliyinin rəhbərliyi altında Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin təşkilatçılığı ilə Naxçıvanı ziyarətə gəldik. Səhiyyə, turizm və təhsil sahələrində naxçıvanlı həmkarlarla önəmli görüşlərimiz oldu. Naxçıvandakı ali təhsil ocaqlarında birgə əhəmiyyətli müzakirələr apardıq. Ərzurum Atatürk Universiteti bundan sonra da birgə proqramlar, araşdırmalar və digər təhsil məsələlərində dostluq və qardaşlıq münasibətləri çərçivəsində qarşılıqlı işbirliyinə daim hazırdır.
Onu da deyim ki, Naxçıvanda bir çox yerləri gəzdik. Belə gözəl diyara bu günə qədər nə üçün gəlməmişəm deyə, çox təəssüf edirəm. Hər yerdə çox gözəl qonaqpərvərliklə, mehribanlıqla və gülərüzlə qarşılandıq, özümü evimdə, ölkəmdəyəm kimi hiss etdim. Bir daha başa düşdüm ki, Türk dünyasının böyük oğlu Heydər Əliyevin də dediyi kimi, “biz bir millət, iki dövlətik”.
Bir sıra səhiyyə müəssisələrində, o cümlədən Duzdağ Fizioterapiya Mərkəzində olduq. Mərkəzin nadir duz mağaralarına heyran qaldım. Burada bir çox xəstəliklərin müalicəsi mümkündür. Düşünürəm ki, bu mərkəz haqqında bütün dünya bilməlidir. Mən öz ölkəmdə də burada olan imkanlar barədə məlumat verəcəyəm və inanıram ki, gələcəkdə Türkiyədən Duzdağ Fizioterapiya Mərkəzinə gələcək turistlərin sayı daha da artacaq.
Naxçıvan Türk dünyasının bir parçası kimi əziz və doğmadır. Burada olmaqdan çox məmnunam və bundan sonra da tez-tez gələcəyəm.
Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin təqdimat və birgə əməkdaşlıq üzrə sədri Müzeyyen İnci: Əvvəlcə deyim ki, qədim türk torpağında olmaqdan çox məmnunam. Naxçıvan olduqca gözəl, təmiz və abad şəhərdir, insanları istiqanlı və qonaqpərvərdirlər. Bura gəlişimizin əsas məqsədi Naxçıvanın mövcud turizm potensialını yaxından tanımaq, sonra müvafiq sahələr üzrə əməkdaşlığımızı müəyyən edərək müzakirələr aparmaqdır. Xüsusilə səhiyyə və qış turizmi sahəsində qarşılıqlı gediş-gəlişi təmin edib, bu sahədə üstünlüklərimizi bölüşərək daha da inkişafa nail olmağı düşünürük. Keçirilən görüşlərdə bütün məsələlərlə bağlı müzakirələr aparıldı və müsbət nəticələr əldə edildi.
Səfər müddətində xəstəxanalarda olduq, yaradılan imkanlarla maraqlandıq. Diqqətimizi, xüsusilə Naftalan nefti ilə aparılan müalicə çəkdi. Öyrəndik ki, Naftalan nefti güclü ağrıkəsici, iltihab əleyhinə, damargenişləndirici, antiseptik təsirlərə malikdir və müalicəsi olduqca səmərəlidir. Eləcə də Duzdağ Fizioterapiya Mərkəzi də hər birimizdə böyük maraq doğurdu. Onu da öyrəndik ki, xarici ölkələrdən, eyni zamanda, Türkiyədən hər il buraya bronxial-astma xəstəliyindən əziyyət çəkən çox sayda insan üz tutur və müalicədən də çox razılıq edirlər. Sözün düzü, yaxın qohum-əqrəbalardan, dost-tanışlardan da belə xroniki xəstəlik keçirənlər var və ölkəmizə qayıdan kimi onlara Naxçıvandakı bu möcüzə haqqında bəhs etməyi düşünürəm.
İnanıram ki, gələcəkdə qarşılıqlı əməkdaşlığımız daha da möhkəmlənəcək və insanlarımız xəstəliklərdən uzaq, sağlam həyat yaşayacaqlar.
Atatürk Universiteti Səhiyyə Tətbiqi və Araşdırma Mərkəzinin baş həkimi Ali Şahin: Səhiyyə və qış turizmi sahələrində əlaqələrimizi daha da təkmilləşdirmək üçün Naxçıvanda, bu gözəl diyarda bir araya gəldik. Naxçıvan təsəvvür etdiyimdən də gözəldir. Şəhərinizin çox səliqəli, nizamlı və modern bir üslubu var.
Biz burada öyrəndik ki, muxtar respublikada enerji sektoru, sənaye və kənd təsərrüfatı sahələri də xeyli inkişaf edib. Fikrimcə, gələcəkdə səhiyyə ilə birlikdə bu sahələr üzrə də bir çox layihələr gerçəkləşdirilə bilər. Xüsusən səhiyyə sahəsində orqan köçürülməsi, tibbi-onkoloji kimya terapiyası, eləcə də qış idman turizminin inkişafı ilə bağlı təcrübələrimizi bölüşə bilərik. Naxçıvanda qış turizmi üçün geniş imkanlar var. Bu turizm növü üzrə ən cəlbedici məkanlardan biri olan Ərzurum Vilayəti bu sahədə Naxçıvanla əməkdaşlıq imkanlarını daha da artıracaq, birgə daha geniş və perspektivli işlər həyata keçirəcək.