ELM VƏ TƏHSİL
Türkiyəli qonaqlar inklüziv təhsil siniflərində olublar
Bakı, 17 aprel, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri paytaxtdakı 138 nömrəli tam orta məktəbdə olub və sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu inklüziv təhsil sahəsi ilə maraqlanıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə məktəblə tanış olan qonaqlara təhsil müəssisəsinin fəaliyyəti və uğurları haqqında məlumat verilib.
Tədbirdə çıxış edənlər “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər və inklüziv təhsil siniflərində müəllimlərin üzərinə düşən vəzifələrdən danışıblar. Bildirilib ki, müəllimlər sağlamlıq imkanları məhdud uşaqların məktəbə uğurlu inteqrasiyasında və səmərəli öyrənmə mühitinin stimullaşdırılmasında hərəkətverici qüvvədir.
Görüş zamanı sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb, iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr müzakirə olunub.
Sonda şagirdlərin iştirakı ilə ədəbi-bədii və idman proqramı təşkil olunub.
Görüşdə təhsil nazirinin müşaviri Nigar Bağırlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent Yazıcı, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi, Təhsil Nazirliyinin və Təhsil İdarəsinin struktur bölmə rəhbərləri iştirak ediblər.