MƏDƏNİYYƏT


Türkiyəli rejissorun filmi Kann Film Festivalında ayaq üstə alqışlarla qarşılanıb

Türkiyəli rejissorun filmi Kann Film Festivalında ayaq üstə alqışlarla qarşılanıb

Bakı, 22 may, AZƏRTAC

Türkiyənin məşhur kinorejissoru Nuri Bilge Ceylanın “Quru otlar üstündə” ekran əsərinin premyerası 76-cı Kann Film Festivalında kinosevərlər tərəfindən ayaq üstə alqışlarla qarşılanıb.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, TRT telekanalı və “ARTE France” yayım şirkətinin birgə istehsalı olan film Türkiyənin ən böyük şəhəri olan İstanbuldan əyalət kəndinə təyin olunmuş müəllimin həyatından bəhs edir. Kinorejissor Parisdə keçirdiyi mətbuat konfransında bildirib ki, bu ekran əsərinin lentə alınması koronavirus pandemiyası ilə eyni vaxta təsadüf edib və yaradıcı heyət bir çox çətinliklərlə üzləşib. Onun sözlərinə görə, filmin çəkildiyi Ərzurum vilayətinin Karayazı kəndindən başqa, bir sıra kadrlar yaxınlıqdakı yaşayış məntəqələrində də lentə alınıb.

Personajlarla bağlı suala cavab verən türkiyəli kinorejissor deyib: “Bütün personajlarımın keçirdiyi hissləri özüm də yaşamışam. Bəzən insanlar mənim filmlərimdəki personajları “mənfi qəhrəman” kimi görürlər. Bu, əslində, sizin şəxsən sahib ola biləcəyiniz baxış prizmasından asılıdır. Mən filmlərdə hər birimizin yaşaya biləcəyi çox adi hisslərdən danışıram. Əslində, əgər həyatda bədbəxtsənsə, hər zaman başqa yerdə xoşbəxt ola biləcəyini düşünürsən. Hətta İstanbuldakı insanlar başqa yerdə daha xoşbəxt ola biləcəyini düşünürlər. Lakin unutmaq olmaz ki, insanın bədbəxt olması yaşadığı yerlə deyil, onun özünü dünyada yad hesab etməsi ilə əlaqədardır. O, harada olursa-olsun, xoşbəxtliyi tapa bilməyəcək”.

Qeyd edək ki, mayın 27-dək davam edəcək 76-cı Kann Film Festivalında nüfuzlu "Qızıl Palma budağı" mükafatına namizəd olmaq üçün cəmi 19 film seçilib.

Əsərlərində tez-tez böyük ekranda zəhmətkeş sadə insanların həyatını əks etdirən məşhur türk rejissoru Yılmaz Güney 1982-ci ildə “Yol” filmi ilə ilk “Qızıl Palma budağı”nı Türkiyəyə gətirib. 2014-cü ildə Nuri Bilge Ceylan “Qış yuxusu” filminə görə ən yüksək mükafatı qazanıb. 2009-cu ildə isə o, müsabiqənin əsas münsiflər heyətinə seçilib.

Filmləri festivalda nümayiş etdiriləcək rejissorlar arasında Böyük Britaniyadan Ken Loç, ABŞ-dən Ues Anderson, Fransadan Ketrin Breillat, Almaniyadan Vim Venders, Yaponiyadan Kore-eda Hirokazu və Finlandiyadan Aki Kaurismaki kimi tanınmış kinematoqrafçılar da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.