MƏDƏNİYYƏT


Türkiyəli sənətçi: Özünəməxsus ənənələri olan Şuşada belə bir festivalın keçirilməsi onun adına layiqdir

Şuşa, 14 may, AZƏRTAC

Şuşada keçirilən V “Xarıbülbül” festivalı davam edir. Festivalın iştirakçıları arasında müxtəlif ölkələrdən gələn mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, qardaş Türkiyədən gələn sənətçilər də var.

AZƏRTAC-ın müxbiri Ankara Türk Dünyası Musiqisi və Xalq Rəqsləri Ansamblının üzvi Hande Şuvak Şuşa şəhəri haqqında təəssüratlarını öyrənib.

-Şuşa doğrudan da möhtəşəmdir. Təbiət bu yerlərdən heç nəyini əsirgəməyib: zümrüd meşələri, vüqarlı dağları, yaylaqlar, yamyaşıl Cıdır düzü, “Topxana” meşəsi, Daşaltı çayı, Üçmıxın sinəsindəki rəngbərəng çiçəklər... İgid Azərbaycan oğlanlarının böyük şücaəti, misilsiz qəhrəmanlığı hesabına azad edilmiş tarixi şəhər, yaşıl don biçilmiş Cıdır düzü çal-çağır meydanına çevrilib. Şuşaya ilk gəlişim olsa da, onu çox sevdim. Burada olmaqdan çox qürurluyam. Şəhəri gəzərkən müharibənin onun sinəsinə vurduğu yaraları, dağıntıları hiss etdim. Belə gözəl şəhərə adamın necə əli qalxar? Təəssüf ki, insani duyğulardan, bəşəri hisslərdən uzaq olan işğalçı xalqın nümayəndələri bu gözəllikləri söküb dağıtmaqla məşğul olublar. Elə mənzərələr gördüm ki, özümü ağlamaqdan güclə saxladım...

O, folklor festivalı haqqında da fikirlərini bölüşüb: “Festival gözəl keçir. Dağlarda əks-səda verən çal-çağır səsi ürəkləri riqqətə gətirir. Burada səslənən muğam, mahnı və təsniflər, Azərbaycanda yaşayan xalqların nümayəndələrinin ifa etdikləri musiqi nömrələri bir-birindən xoş təsir bağışlayır. Bu yurdun hər qarışı uğrunda qan tökülüb, igidlər canlarını qurban verib. Ona görə də bu torpaq bizim üçün daha da müqəddəsləşib, əziz və qiymətli olub. Şuşa Azərbaycan xalqının tarix və mədəniyyətinin ayrılmaz bir parçası olmaqla yanaşı, indi həm də qəhrəmanlıq və rəşadət tarixinin bir parçasına çevrilib. Mədəniyyət paytaxtı elan edilən şəhərdə keçirilən bu festivalda keçmiş ənənələr dirçəldilməklə yanaşı ona yeni çalarlar da əlavə olunur. Özünəməxsus ənənələri olan şəhərdə belə bir festivalın keçirilməsi də onun adına layiqdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.