REGİONLAR


Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub

Gəncə, 27 iyul, Elcan Məmmədov, AZƏRTAC

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində iyulun 27-də Gəncədə səfərdə olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi Yeni Azərbaycan Partiyası (YAP) və AK Parti arasında ikitərəfli Əməkdaşlıq Protokoluna müvafiq olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfransın keçirilməsidir.

Qonaqlar ötən ilin oktyabrında Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Diqqətə çatdırılıb ki, düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Numan Kurtulmuş və nümayəndə heyətinin üzvləri həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

Qonaqları şəhər rəhbərliyi, Milli Məclisin deputatları və digər rəsmi şəxslər müşayiət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.