CƏMİYYƏT
Türkiyənin Aralıq bölgəsində erməni terrorçuları tərəfindən 100 il əvvəl törədilən qətliamların qurbanları anılıb
Ankara, 16 noyabr, AZƏRTAC
İğdırın Aralıq rayonunda bu bölgənin erməni terror birləşmələrindən azad edilməsinin 100-cü ildönümü münasibətilə mərasim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Aralıq rayonunun mərkəzində Mustafa Kamal Atatürkün abidəsi önünə gül dəstələrinin düzülməsi ilə başlayıb.
Sonra Türkiyənin dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aralıq bələdiyyəsinin sədri Mustafa Güzelkaya bölgənin işğalçılardan və terrorçulardan xilas edilməsi tarixindən danışıb.
Diqqətə çatdırılıb ki, erməni silahlı dəstələri Anadolunun şərqində, eləcə də Aralıq bölgəsində yerli türk-müsəlman əhaliyə qarşı amansız qətliamlar həyata keçiriblər. İllər sonra aşkar edilən kütləvi məzarlıqlar buna əyani sübutdur.
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk və onun silahdaşlarının tarixi missiyası yüksək dəyərləndirilib. Qeyd olunub ki, qədirbilən Türkiyə xalqı xilaskar övladlarının əziz xatirəsini hər zaman qəlbində yaşadacaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara