REGİONLAR


Türkiyənin Azərbaycandakı səfiri Tərtər rayonunda olub

Tərtər, 27 sentyabr, AZƏRTAC

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu ölkənin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürk, Türk Qızıl Aypara Cəmiyyətinin baş katibi Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar, əvvəlcə, Tərtər şəhərinin girişində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini, sonra ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər. Sonra Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamanı rayona dəymiş ziyanı əks etdirən fotostendlərə baxış keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinə gələn qonaqlara Vətən müharibəsi zamanı rayona dəymiş ziyanla bağlı məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə Ermənistan silahlı qüvvələri tərəfindən 16 min 277 top, tank, “Qrad” mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, ilk peşə-ixtisas məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına ziyan dəyib, dağıntılar olub. Dinc əhalidən 16 nəfər, o cümlədən erməni vandalları tərəfindən şəhər qəbiristanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak edən 4 nəfər həlak olub.

44 günlük Vətən müharibəsində Tərtər rayonunun 66 hərbi şəhid verdiyini qeyd edən M.Məmmədov 2022-ci il sentyabrın 12-13-də Ermənistan tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı rayonun Evoğlu kəndindən olan 1996-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məftun Əhmədzadənin şəhid olduğunu bildirib.

Qonaqlar Türkiyənin həmişə Azərbaycanla birlikdə olduğunu, iki dövlət arasında səmimi və qarşılıqlı dostluq münasibətləri yaşandığını bildiriblər.

Sonda qonaqlara Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xatirə hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.