SİYASƏT
Türkiyənin Azərbaycandakı səfirliyi 15 İyul hadisələri ilə bağlı videokonfrans formatında tədbir keçirib
Bakı, 15 iyul, AZƏRTAC
Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin dördüncü ildönümü ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyi iyulun 15-də videokonfrans formatında anım tədbiri təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Səfirliyin Din Müşaviri Zeki Yavuzyılmazın dua oxumasından sonra Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edib. Səfir iyulun 12-də ermənilərin Tovuz rayonu ərazisində törətdiyi təxribata münasibət bildirib. O erməni təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına başsağlığı verib.
Daha sonra diplomat bildirib ki, FETÖ tərəfindən planlaşdırılan 15 iyul hadisələrindən 4 il keçir. “Türk xalqı 15 iyul gecəsi Türkiyə Prezidentinin çağırışı ilə küçələrə çıxdı və dövlətçiliyini qorudu. 4 il ərzində həm ölkə daxilində, həm də xaricdə FETÖ-yə qarşı mübarizə tədbirləri görülüb. Həmin gecə Türkiyə terrorla mübarizədə 251 şəhid verdi. 2016-cı il 15 iyul gecəsində türk xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu, Türkiyə və dünya tarixində mühüm yeri olan hadisədir. Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə ilk gündən dəstək verib. Bu, bizi sevindirir”, - deyə səfir vurğulayıb.
Bu gün Azərbaycan və Türkiyənin bütün məsələlərdə eyni mövqedən çıxış etdiklərini söyləyən diplomat qeyd edib ki, ölkələrimiz hər cür təhdidə qarşı birgə mübarizə aparırlar. Türkiyə olaraq Azərbaycanın yanında olduğumuzu hər fürsətdə qeyd etmişik. Dünən axşam Prezident Rəcəb Tayyib Ərdoğan da bunu bir daha bəyan etdi.
Daha sonra səfirliyin daxili işlər müşavirləri Mehmet Tomruk və Ali Demir 15 iyul hadisənin dəhşətindən danışıblar. Çıxışlar terror təşkilatının gizli fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verilib. Bildiriblər ki, FETÖ xalqın dini etiqadından sui-istifadə edib, qırx il ərzində təhsil adı altında gənclərə təsir göstərərək özlərinə tərəfdar, mütəxəssis ordusu yetişdirib, onları yüksək vəzifələrə təyin etmək üçün müxtəlif üsullara əl atıb. Belə ki, imtahan suallarını oğurlayıb təşkilatın üzvlərinə verməklə onların müxtəlif dövlət qurumlarında, orduda və polis sistemində vəzifələrdə irəli çəkilmələrinə şərait yaradıblar. Tədbirin sonunda dövlət çevrilişinə cəhd planı ilə videosənədlər nümayiş etdirilib.