QAN YADDAŞI


Türkiyənin “Bengü türk” kanalının “Azərbaycan ruzigarı” verilişi 20 Yanvar faciəsinə həsr olunub

“20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu tamaşaçılara təqdim edilib

İstanbul, 21 yanvar, AZƏRTAC

Türkiyənin nüfuzlu “Bengü türk” televiziya kanalının “Azərbaycan ruzigarı” proqramı 20 Yanvar faciəsinə dair xüsusi buraxılış hazırlayıb. Kanalın ana xəbərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə dair buraxılış barədə məlumat yayılıb.

Telejurnalist Səidə Ömərin təqdimatında yayımlanan verilişin qonaqları AZƏRTAC-ın Ankaradakı xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı və sosial elmlər üzrə ekspert, yazıçı-tərcüməçi Mətin Yıldırım olublar.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətin səbəb, məqsəd və nəticələri barədə məlumat verən S.Şahtaxtı diqqətə çatdırıb ki, vətəndaşlar küçə və meydanlara axışaraq təcavüzkar Ermənistanın əsassız ərazi iddialarına qarşı öz etirazlarını nümayiş etdiriblər. Sovet rəhbərliyi bütöv bir xalqın nə istədiyini, nəyə etiraz etdiyini dəyərləndirərək ədalətli şəkildə çıxış yolu tapmaq əvəzinə hərbi güc tətbiq etməklə qan tökdü. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində keçmiş SSRİ rəhbərliyinin 20 Yanvar cinayətləri dünya ictimaiyyətinə çatdırıldı. Naxçıvana qarşı planlaşdırılan məkrli işğalçılıq planı dəf olundu. Hadisədən dörd il sonra Ümummilli Liderimizin təklifi və təkidi nəticəsində Azərbaycan parlamenti bu hadisəyə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verdi.

Türk xalqlarının dövlətçilik tarixində xarici qüvvələrin xalqlarımıza qarşı törətdikləri soyqırımları, hərbi təcavüzlər barədə məlumat verən Mətin Yıldırım qeyd edib ki, əslində 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilən hərbi cinayət, eləcə də torpaqlarımızın 20 faizinin işğal olunması bütün türk dünyasına qarşı həyata keçirilən səlib yürüşünün davamı və daha bir acı nəticəsidir.

Tamaşaçılara məlumat verilib ki, 20 Yanvar faciəsi sadəcə olaraq silahsız insanların qətlə yetirilməsi hadisəsi deyil. Bu faciə bütöv bir xalqın torpağına, ölkəsinə və dövlətinə qarşı planlaşdırılan məkrli məqsədlərə xidmət edən hərbi təcavüz və qəsddir.

Sonra aparıcının sualları cavablandırılıb.

Verilişdə aparıcı Səidə Ömər şəhidlərimizə həsr olunan şeirlər oxuyub. O, həmçinin 20 Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olaraq nəşr edilən “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu ilə bağlı tamaşaçıları məlumatlandırıb. Bildirib ki, tədqiqatçılar AZƏRTAC tərəfindən “Bengü türk” TV-yə hədiyyə edilən bu mühüm nəşrlə kanalın kitabxanasında tanış ola bilərlər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.