İDMAN
Türkiyənin “Bengütürk” telekanalı: Azərbaycan paytaxtında əsl bayram əhval-ruhiyyəsi yaşanır VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Türkiyənin “Bengütürk” telekanalında “Bakı-2015” birinci Avropa Oyunları haqqında süjet yayımlanıb.
AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunları ərəfəsində Bakıda çəkilişlər aparan süjetin müəllifləri Azərbaycan paytaxtında əsl bayram əhval-ruhiyyəsinin yaşandığını, turistlərin şəhərə axın etdiklərini diqqətə çatdırıblar. Bildirilib ki, ilk Avropa Oyunları ilə əlaqədar Bakının hər yerində reklam lövhələrinin, Oyunların loqosunun əks olunduğu bayraqların, plakatların asılması şəhərin gözəlliyinə xüsusi rəng qatır. İkiillik hazırlıq prosesində möhtəşəm arenaların, komplekslərin yaradılması ilə əsl idman şəhərinə çevrilən Bakıda insanlar birinci Avropa Oyunlarının açılış mərasimini səbirsizliklə gözləyirlər.
Diqqətə çatdırılıb ki, Xəzər dənizinin sahili boyunca uzanan Dənizkənarı Milli Park həm paytaxt sakinlərinin, həm də əcnəbi qonaqların istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir. Müxtəlif ölkələrdən gələn qonaqların burada qurulan reklam lövhələrinin önündə fotolar çəkdirdikləri və əyləncəli vaxt keçirdikləri xüsusi qeyd olunub.
Vurğulanıb ki, “Bakı-2015” birinci Avropa Oyunlarında on mindən çox könüllü iştirak edir ki, onların da böyük hissəsi azərbaycanlılardır. Könüllülərin əksəriyyəti tələbələrdir. Onlar hava limanında ölkəyə gələn qonaqları qarşılayır, Media və Atletlər kəndlərində xidmət göstərirlər. Açılış və bağlanış mərasimlərində də 6 mindən çox könüllü iştirak edəcək.
Süjetdə, həmçinin azərbaycanlı və əcnəbi könüllülərin fikirlərinə geniş yer verilib. Əcnəbi könüllülər müsahibələrində Bakını çox sevdiklərini, belə mötəbər yarışın təşkilində iştirak etməkdən qürur duyduqlarını bildiriblər.
Videomaterialda Oyunlara hazırlıqlar çərçivəsində nəqliyyat məsələlərinin yüksək səviyyədə həll olunduğu, yarışlar zamanı tıxacların olmaması üçün mühüm işlərin görüldüyü, mükəmməl nəqliyyat planının hazırlandığı qeyd edilib. Bundan başqa, yarışların keçiriləcəyi arenalarda, idmançıların və digər qonaqların qalacaqları məkanlarda yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü də xüsusi vurğulanıb.