QAN YADDAŞI
Türkiyənin Biruni Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İstanbul, 27 fevral, AZƏRTAC
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə Türkiyənin Biruni Universitetində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyev və bu ali təhsil müəssisəsinin rektoru, professor Adnan Yüksel Xocalı soyqırımı barədə iştirakçılara məlumat veriblər. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən törədilən insanlığa sığmayan bu qətliam zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib. 28 il əvvəl Xocalıda törədilən bu qətliamın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktlarından biri olduğunu vurğulayan çıxışçılar bu hadisənin bütün Türk dünyasının faciəsi kimi qeyd ediblər.
Tədbir əsnasında bu universitetdə Xocalı qətliamının dəhşətlərini əks etdirən fotolar nümayiş olunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul