MƏDƏNİYYƏT


Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib

Xivə, 17 sentyabr, AZƏRTAC

Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

AZƏRTAC xəbər verir ki, bu haqda qərar TÜRKSOY-un üzvü olan ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurasının qədim Xivə şəhərində keçirilən iclasında qəbul edilib.

Tədbiri Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov açaraq, müzakirə olunacaq məsələlər haqqında məlumat verib.

İclasda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və digər nazirlər çıxış edərək TÜRKSOY çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, üzv ölkələrdə mədəni tədbirlərin keçirilməsi, o cümlədən türk dünyasının tanınmış şəxsiyyətlərinin yubileylərinin təşkili məsələləri barədə danışıblar.

Mehmet Nuri Ərsoy bildirib ki, ötən il keçirilməli olan bu iclas pandemiya ilə əlaqədar bu ilə keçirilib.

Anar Kərimov vurğulayıb ki, Azərbaycan tərəfi işğaldan azad olunan qədim Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi üçün müraciət edəcək.

Qırğız yazıçısı Toktobolot Abdumomunovun və SSRİ Xalq artisti, bəstəkar Fikrət Əmirovun anma tədbirlərinin keçirilməsi, Osmanlı şahzadəsi, sufi Süleyman Çələbinin ölümünün 600 illiyinin qeyd olunması da qərara alınıb.

Tədbirdə TÜRKSOY-a sədrlik Özbəkistandan Türkiyəyə keçib. Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov təşkilatın simvolunu Mehmet Nuri Ərsoya təqdim edib.

Sonda əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb.

İclasda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Xivə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.