SİYASƏT
Türkiyənin “Diplomatik müşahidə” jurnalı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən bəhs edir
Ankara, 1 noyabr, AZƏRTAC
Türkiyədə nəşr olunan aylıq “Diplomatik müşahidə” jurnalında “Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz fəaliyyət” sərlövhəli analitik məqalə dərc olunub.
Tanınmış jurnalist, jurnalın baş redaktoru Serhat Önalp tərəfindən qələmə alınan məqalədə qeyd edilir ki, təcavüzkar Ermənistanın dövlət və hökumət rəhbərləri də daxil olmaqla digər rəsmi şəxslərin Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfərləri ən böyük beynəlxalq qanun pozuntusudur. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin siyasi gündəmə gətirilməsinin səbəb və məqsədlərindən, münaqişənin acı nəticələrindən bəhs edilir. Yazıda, həmçinin təcavüzkar Ermənistan dövlətinin qanunsuz şəkildə xarici şirkətləri Azərbaycanın işğal olunmuş torpaqlarında fəaliyyətə cəlb etməsinə, bu ərazilərdə qanunsuz məskunlaşdırmalara, yeni məskunlaşdırma planlarına dair məqamlara toxunulur.
Müəllif məqalədə ermənilərin Dağlıq Qarabağa köçürülməsinin tarixi və məqsədi barədə ətraflı məlumat verir. Qeyd edir ki, bu ərazilərdəki bütün Azərbaycan toponimlərinin dəyişdirilməsi siyasəti yürüdülür, bölgədə “yenidənqurma” və “abadlaşdırma” adı ilə bütün tarixi abidələr məhv edilir. Diqqətə çatdırılır ki, təkzibolunmaz faktlar və sübutlar Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ və ona bitişik ərazilərdəki qanunsuz fəaliyyətini təsdiq edir.
Jurnalın 6 səhifəsini əhatə edən yazı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tarixi kökləri, o cümlədən münaqişənin müasir vəziyyəti barədə əsaslı mənbədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara