REGİONLAR


Türkiyənin Ege Universitetinin nümayəndə heyəti Gəncədə səfərdədir VİDEO

Gəncə, 11 may, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyə Respublikasının Ege Universitetinin rektoru, professor Necdet Budakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı, professor Banu Yücel, Qida mühəndisliyi kafedrasının müdiri, professor Şebnem Tavman, Qida mühəndisliyi kafedrasının əməkdaşı, professor İlkin Şüngün iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdən əvvəl ulu öndər Heydər Əliyevin şəhərin Baş meydanında ucalan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Niyazi Bayramov qonaqlara Gəncə şəhərinin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verib, Azərbaycan-Türkiyə münasibətlərindən söz açıb. Qeyd edib ki, Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələri Türkiyənin bir çox universitetləri ilə qarşılıqlı əlaqələr qururlar. Bu əməkdaşlıqların nəticəsi olaraq, birgə elmi tədqiqatlar aparılır, konfrans, seminar və simpoziumlar təşkil olunur, müəllim və tələbə mübadiləsi həyata keçirilir.

“Azərbaycanda aqrar mütəxəssis yetişdirən yeganə universitet olan ADAU ilə Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan Ege Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması da sevindirici və təqdirəlayiq haldır,” – deyə şəhər N.Bayramov bildirib.

Ege Universitetinin rektoru Necdet Budak Gəncəyə səfərindən məmnunluq ifadə edib və rəhbərlik etdiyi ali təhsil müəssisə barədə məlumat verib. Bildirib ki, Ege Universiteti 1956-cı ildə İzmir şəhərində Ege bölgəsinin ilk, Türkiyənin 4-cü universiteti olaraq fəaliyyətə başlayıb. Təhsilin keyfiyyətinə görə nəinki Türkiyədə, hətta dünyada tanınan bu ali təhsil müəssisəsində 80 minə yaxın tələbə təhsil alır. Vurğulanıb ki, Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov bildirib ki, universitetlər arasında imzalanan ikili diplom proqramları barədə müqaviləyə əsasən, hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege Universitetində ödənişsiz təhsil almaq imkanı qazanıblar. Dərslər hər iki ali təhsil müəssisəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılır. Hər iki ali təhsil müəssisəsinin diplomlarının verilməsi ilə yekunlaşan tədris və təcrübə prosesinin bir hissəsi Ege Universitetində təşkil olunur.

Sonra qonaqlar Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürklə görüşüblər. Görüşdə bildirilib ki, bu gün iki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksək səviyyədədir. ADAU ilə Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı isə bu münasibətlərin bariz nümunəsidir.

Görüşdən sonra Ege Universitetinin nümayəndə heyəti Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə olublar. Məktəbdə müasir auditoriyalarla tanış olub, gənc müəllimlərə görüş keçirilib, onlara Ege Universiteti haqqında məlumat veriblər.

Qeyd edək ki, Ege Universitetinin rektoru Necdet Budakın başçılıq etdiyi nümayəndə heyətinin Gəncə şəhərinə səfərinin əsas məqsədi Azərbaycan Dövlət Aqrar Universiteti ilə yaxından tanış olmaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.