CƏMİYYƏT
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndə heyəti ilə FHN-də görüş keçirilib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində (FHN) olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti ilə görüşən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev qardaşlıq, qarşılıqlı etimad və yüksək səviyyəli münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrindən danışıb. Nazir müavini BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrup tərkibində iki qardaş ölkənin müvafiq qurumlarının səmərəli əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, ikitərəfli görüşlər və məsləhətləşmələr fəaliyyət imkanlarının artırılmasına və klassifikasiya mərhələsinə, eyni zamanda, noyabrda Azərbaycanda keçiriləcək təlimlərə hazırlıq prosesinə əvəzsiz töhfə verəcək. O, Azərbaycanın INSARAG-a qəbulunda verdikləri dəstəyə görə Türkiyə tərəfinə təşəkkür edib.
Əbdülkadir Tezcan Türkiyədə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycanın hərtərəfli yardımını minnətdarlıq hissi ilə xatırladıb. Azərbaycanın beynəlxalq axtarış-xilasetmə missiyasında iştirak etməsi üçün hərtərəfli imkanlara malik olduğunu vurğulayan qonaq bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar FHN-in Akademiyası və Xüsusi Riskli Xilasetmə Xidmətinə baş çəkərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.