SİYASƏT


Türkiyənin Gəncədəki baş konsulu: Terroru və 10 iyul iğtişaşlarını qətiyyətlə pisləyirik

Gəncə, 13 iyul, Rauf Hacıyev, AZƏRTAC

Türkiyənin Gəncədəki baş konsulu Orxan İşıq KİV nümayəndələri ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baş konsul görüşdə 2016-cı ilin 15 iyul tarixində Türkiyədə yaşanan hadisələrdən, habelə iki il ərzində aparılan işlər nəticəsində ortaya çıxan fakt və məqamlardan danışıb. O çıxış edərək, 15 iyul dövlət çevrilişi cəhdinin Türkiyə Respublikasının tarixində çətin sınaq olduğunu, həmin hadisələr zamanı türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqlik nümayiş etdirdiyini bildirib.

Baş konsul ölkəsində 2016-cı ildə baş vermiş dövlət çevrilişi cəhdi zamanı Azərbaycan dövlətinin və xalqının Türkiyənin yanında olduğunu deyib. 15 iyul hadisələri zamanı 250 nəfərdən çox insanın həlak olduğunu, 1000-dən çoxunun isə yaralandığını xatırladan Orxan İşıq dövlət çevrilişi cəhdinin ağır nəticələrindən danışıb. Vurğulayıb ki, iki il əvvəl Türkiyədə baş verən hadisələr 30-40 il bundan əvvəldən ölkənin içərilərinə sızmış terrorçular tərəfindən hazırlanıb ki, onlar da Amerikanın Pensilvaniya ştatında yaşayan Fətullaha bağlanır.

Orxan İşıq qeyd edib ki, xeyriyyə təşkilatları və təhsil müəssisəsi açmaq adı ilə öz çirkin əməllərini gizlədən FETO qruplaşması, dünyanın 160 ölkəsində 1000-dən çox məktəb, iş yeri açıb, Türkiyədə dövlət strukturlarına öz insanlarını yerləşdirib. Baş konsul Amerika istisna olmaqla digər ölkələrdə həmin məktəblərin yarıdan çoxunun bağlandığını bildirib.

Türkiyənin Gəncədəki baş konsulu iyulun 3-də şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı planlaşdırılan sui-qəsdi, polis serjantının yaralanmasını, iyulun 10-da isə şəhərin mərkəzində bir qrup dini radikal şəxs tərəfindən törədilən iğtişaşların qarşısını alarkən iki yüksəkrütbəli polis zabitinin şəhid olmasını, bir neçə polis əməkdaşının yaralanması ilə nəticələn hadisələri qətiyyətlə pisləyib. Yaralılara şəfa, ölənlərin yaxınlarına başsağlığı verərək, Allahdan səbir diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.