ELM VƏ TƏHSİL
Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunur
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2016/2017-ci tədris ilində Müdafiə Nazirliyinin xətti ilə Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, müsabiqədə bu il mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600‑dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 20 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 10 nəfər namizədin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndərilməsi planlaşdırılır.
Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti altı ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar.
Birinci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilir. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 27-dək TQDK-ya (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.